AZ

Ekspert : “Ermənistan XİN-in əsassız iddiaları etimad mühitini zədələyən amildir” – ÖZƏL

"Ermənistan tərəfi bir tərəfdən sülhlə bağlı danışıqlar aparır, Azərbaycanla sülh barəsində müzakirələrdə iştirak edir. Bizim ortaq delimitasiya və demarkasiya komissiyamız öz işini həyata keçirir, yəni sülhün əldə olunması üçün çalışdığını göstərir. Ancaq digər  tərəfdən də Azərbaycana qarşı heç də xoş olmayan münasibət səslənir ki, bu, cəmiyyəti qıcıqlandıran əsas məsələdir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında Ermənistan Xarici İşlər Nazirliyinin guya 1990-cı ilin yanvarında Bakıda ermənilərə qarşı qırğının törədilməsi ilə bağlı əsassız bəyanatını şərh edən siyasi ekspert Zeynal Əmrəliyev deyib.

"Nəzərə alaq ki, sülhün əldə olunması üçün Azərbaycan və Ermənistan cəmiyyətləri arasında etimad mühiti formalaşmalıdır. Ancaq Ermənistanın qeyri-konstruktiv davranışları Azərbaycan tərəfdə bu cür etimad mühitinin yaranmasına imkan vermir. Ermənistan Xarici İşlər Nazirliyinin 1990-cı ilin yanvarında Bakıda ermənilərə qarşı qırğın törədilməsi ilə bağlı verdiyi əsassız bəyanat bunun sübutudur. 1990-cı ilin yanvarında Azərbaycan və Ermənistan sovet hakimiyyətinin tərkibində olub. Sovet hökumətinin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan ərazisində necə qanlı faciə törətdiyini hər kəs bilir.

Bu faciə zamanı Ermənistan da aktiv şəkildə Azərbaycana qarşı müharibəyə başlamaq üçün hazırlıqlar görürdü. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində Azərbaycan kəndlərinə hücumlar edilirdi, həmçinin Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası prosesi başlanmışdı. Orada azərbaycanlılara qarşı hücumlar həyata keçirilirdi. Həmin ildə ermənilərə qarşı guya  Azərbaycan ərazisində hansısa bir qırğının törədilməsi ilə bağlı səsləndirilən fikirlər, məsələni tamamilə əks istiqamətə çevirməkdir. Yumşaq desək, bu, həyasızlıqdır. Bunun heç bir normal, fərqli izahı ola bilməz.

Həmin dövrdə qırğın törədilən, əzab görən, öz yurd-yuvasından didərgin salınan, qətlə yetirilən, torpağı işğal olunan azərbaycanlılar olub. Ermənilərin bunu öz adına çıxarması çox təəssüfləndirici haldır. İndi belə çıxır ki, üstündən bir müddət keçəndən sonra ermənilər deyəcəklər ki, biz həmin vaxt Azərbaycan torpaqlarını yox, azərbaycanlılar bizim torpaqlarımızı işğal etmişdilər və 44 gün ərzində baş verən müharibə də məhz buna görə idi. Xocalı faciəsində də biz azərbaycanlıları yox, azərbaycanlılar bizi öldürmüşdülər. Belə-belə saxta  iddialarla da çıxış edə bilərlər.

Bunların mentalı budur, çox təhlükəli məsələdir. Faktiki olaraq yanvar hadisələri zamanı sovet hakimiyyəti ermənilərin də dəstəyi ilə azərbaycanlılara qarşı siyasət həyata keçirib. Burada azərbaycanlıların kütləvi şəkildə öldürülməsindən söhbət gedir. Bu, ümumiyyətlə, Azərbaycan və Ermənistan cəmiyyətləri arasında etimad mühitinin pozulması anlamına gələn bir məsələdir".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr