AZ

Həmas və İsrail arasında atəşkəsin AMMAsı...

Netanyahu hökuməti Qəzzada böyük insan tələfatına səbəb olsa da, başlıca hədəfinə nail ola bilmədi...

Xəbər verildiyi kimi, yanvarın 15-də axşam saatlarında Qəzzada atəşkəs, nəhayət, əldə olundu. Qətərin paytaxtı Dohada ABŞ, Qətər və Misirin nümayəndələri eyni binada, lakin ayrı-ayrı otaqlarda İsrail və Həmas nümayəndələri ilə atəşkəs mətnini razılaşdırdılar.

Qeyd edək ki, 3 mərhələli atəşkəs mətni hələ ötən ilin mayında ABŞ prezidenti Cozef Bayden tərəfindən elan olunub.
Buna əsasən, atəşkəsin 1-ci mərhələsi 6 həftə - 42 gün davam edəcək. Bu mərhələdə hərbi əməliyyatlar dayanacaq, Həmas girovları mərhələli şəkildə azad etməyə, İsrail isə hərbi qüvvələrini zolaqdan çəkməyə başlayacaq. Növbəti həftə isə Həmasın daha 4 girovu azad etməsi müqabilində İsrail qəzzalıların zolağın şimal hissəsinə dönüşünə icazə verəcək. Birinci mərhələdə eyni zamanda İsrail Qəzzaya humanitar yardım buraxacaq.

2-ci mərhələdə girovların qarşılıqlı olaraq azad edilməsi davam edəcək. İsrail ordusu zolağı və həmçinin Misir-Qəzza sərhədindəki “Filadelfiya dəhlizini” tərk edəcək. Ancaq Qəzzanın şərq və şimal hissəsində, yəni İsraillə sərhəddə 800 metrlik təhlükəsizlik zolağı yaradılacaq.

İsrail

Həmçinin 2-ci mərhələdə İsrail 1000 fələstinli girov və məhkumu, Həmas isə Qəzzada qalan 34-ü ölü olmaqla, 94 girovu təhvil verəcək.

3-cü mərhələdə isə Qəzzada evlərini tərk etmiş bütün fələstinlilərin evlərinə qayıtması və zolağın yenidən inşası nəzərdə tutulur. Bu prosesin tamamlanması ABŞ prezidenti Baydenin dediyi kimi, “illər tələb edə” bilər.

Qəzzada atəşkəsin baş verməsində ABŞ-ın hər iki prezidenti, həm Bayden, həm də Tramp ciddi səylər göstərib. Hətta belə görünür ki, hər iki prezident İsrailin baş naziri Netanyahuyə ciddi təzyiq ediblər.

HƏMAS

Atəşkəs Qəzza və İsraildə insanlar arasında sevinclə qarşılansa da, xüsusən də İsrail siyasətçilərinin prosesə münasibəti fərqlidir. Xüsusən də, radikal sağçı hökumət üzvləri, o cümlədən maliyyə naziri Smotriç və təhlükəsizlik naziri Ben Qvir atəşkəsi fəlakət kimi qiymətləndiriblər. Baş nazir Benyamin Netanyahu isə sazişdən bir sutka keçməmiş artıq Həması ittiham edib.

Qeyd edək ki, əldə olunmuş razılığa əsasən İsrail hökuməti bu gün təsdiqlədikdən sonra atəşkəs sazişi 19 yanvardan qüvvəyə minəcək. Ancaq İsrail Baş nazirinin ofisi Həması atəşkəs sənədinin bəzi maddələrindən kənara çıxmaqda ittiham edərək, sazişin bütün maddələrini qəbul etdiyini vasitəçilərə bildirənə qədər hökumət kabinetinin sazişi təsdiqləməyəcəyini açıqlayıb.

İzzet

Həmas isə bəyan edib ki, razılaşmaya sadiqdir. Həmas siyasi bürosunun üzvü İzzət ər-Raşak bəyan edib ki, onlar əldə olunan razılaşmaya sadiqdirlər. Bu arada İsrail prezidenti İshaq Hersoq da Netanyahuya çağırış edərək atəşkəs sənədini təsdiqləməyə çağırıb.

Məsələ ondadır ki, razılaşma çox kövrəkdir və Livan təcrübəsi göstərir ki, hər an pozula bilər. Elə atəşkəsdən sonra İsrail ordusunun Qəzzanı bombalaması nəticəsində 70 nəfərin ölməsi onu göstərir ki, İsrail hakimiyyəti barışa elə də həvəsli deyil. Hökumət atəşkəsə sadəcə, məcbur qalıb.

Netanyahu

Xüsusən də ABŞ prezidenti Donald Tramp və Netanyahu arasında son qalmaqal İsrail baş nazirini müəyyən qədər geri çəkilməyə, könülsüz də olsa atəşkəsə razılıq verməyə məcbur edib. Trampın bir neçə gün əvvəl professor Cefri Sachsın Netanyahunu təhqir etdiyi videonu paylaşması göstərdi ki, ABŞ prezidenti İsrail baş naziri ilə o qədər də isti münasibətlərə malik deyil. Artıq Netanyahunun Trampın inauqurasiya mərasiminə qatılmayacağı məlum olub.

Digər tərəfdən həm beynəlxalq ictimai rəy, həm də İsraildə, xüsusən də yaxınları Qəzzada girov olan vətəndaşlar hökumətə atəşkəsə getməsi üçün təzyiq göstərirlər. Lakin o da aydındır ki, hazırkı atəşkəs Netanyahu və onun sağçı komandasını məmnun etmir.

Birincisi, ona görə ki, atəşkəs sazişinin tərəfi Həmasdır. Bu, İsrailin faktiki olaraq Həması tərəf kimi qəbul etməsi mənasına gəlir. Hər nə qədər saziş birgə qəbul olunmasa belə. İsrailin terror təşkilatı adlandırıb 15 ay əvvəl məhv etmək üçün müharibəyə başladığı təşkilatla atəşkəs sazişi imzalaması Netanyahu hökuməti üçün qəbuledilməzdir.

İkincisi, Qəzzanın gələcək idarəçiliyinin kimin əlində olacağı sualıdır. İsrail hakimiyyəti Qəzzanı özü idarə etmək istəyir. Rəsmi elan olunmasa da, İsrail hakimiyyətinə yaxın mənbələr hökumətin yerli fələstinlilərdən ibarət yeni Qəzza idarə orqanı yaratmağı düşündüyünü bildirir. Lakin indiki halda Qəzzada Həmas hakimiyyəti qalır və İsrailin planı pozulur.

Həmas

Nəhayət, Həmasın özünün taleyidir. İsrailin hazırkı hakimiyyəti 2023-cü il oktyabrın sonunda Qəzzaya quru əməliyyata başlayanda elan etmişdi ki, əsas hədəf Həmas, İslami-Cihad kimi qruplaşmaları fiziki olaraq məhv etmək və Qəzza zolağını “terror təşkilatlarından təmizləməkdir”.

Lakin 15 ay davam edən müharibənin nəticəsində Həmas sıradan çıxmadı. Bu günə qədər də Qəzza zolağında İsrail ordusuna müqavimət göstərir. İki gün əvvəl ABŞ dövlət katibi Entoni Blinken də bildirdi ki, Həmas müharibədə verdiyi itkiləri kompensasiya edib. Təşkilatın liderlərini itirməsinə baxmayaraq hərbi gücünü qoruyub saxladığını deyən dövlət katibi dolayısı ilə müharibənin İsrailə uğur gətirmədiyini etiraf edib. Hərbi tədqiqat institutları bildirir ki, Həmasın ötən müddətdə Qəzzada olan 23 taborunun əksəriyyəti hələ də döyüş qabiliyyətini qoruyub saxlayır, bir hissəsi isə ümumiyyətlə tam olaraq yerindədir. Digər tərəfdən, Həmas ideoloji təşkilatdır və bu tip hərbi əməliyyatlar onu tamamilə sıradan çıxara bilməz.

Şərq

Nəticə etibarı ilə İsrail və Həmas arasında razılaşma, adından göründüyü kimi, atəşkəs sənədidir. Atəşkəs isə bir qayda olaraq uzun müddət davam etmir, xüsusən də Yaxın Şərq münaqişələrində. Bu mənada baş nazir Benyamin Netanyahu əməliyyatdan əvvəl vəd etdiyinin əksinə, Qəzza zolağını silahlı qruplardan təmizləyə bilməyib. Bunun əvəzində İsrail Qəzza müharibəsində çox ciddi itkilər verdi, eyni zamanda həyata keçirdiyi ağır bombardmanlar və hücum əməliyyatları nəticəsində minlərlə dinc insanın, uşaq və qadının ölümünə səbəb oldu. Buna görə də dünyada sərt qınaqla üzləşdi.

Bu mənada güman etmək olar ki, atəşkəs qüvvəyə minsə belə Netanyahu hökuməti ilk fürsətdə atəşkəsi pozmağa və hərbi əməliyyatları yenidən bərpa etməyə çalışacaq.

Kənan Rövşənoğlu
Xüsusi olaraq Musavat.com üçün

Seçilən
5
musavat.com

1Mənbələr