AZ

“Məktəblərdə telefon qadağası tətbiq edilməlidir, amma digər məsələlər də nəzərə alınmalıdır”

“Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris prosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazların istifadəsi qadağan olunub. Şagird davranış qaydalarının əhatə etdiyi müəssisələrin əhatə dairəsi genişləndiriləcək, daha çox məktəbdə bu qaydalar tətbiq ediləcək”.

Musavat.com bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zenfira Sevdimalı bildirib.

O qeyd edib ki, xüsusi hallar istisna olmaqla, ümumi təhsil müəssisələrində dərs prosesi zamanı ağıllı telefonlar, ağıllı saatlar və digər bu tip elektron cihazların istifadəsi isə tövsiyə olunmur.

“Bu və bu kimi digər istiqamətlərdə mütəmadi olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən digər aidiyyəti qurumlarla da birlikdə məktəblərdə monitorinq və yoxlamalar aparılır, müvafiq profilaktik və maarifləndirmə tədbirləri həyata keçirilir.

Məktəb daxilində və məktəbdənkənar ərazilərdə davranış qaydalarına əməl edilməsinin vacibliyi diqqətə çatdırılır, təlim-tərbiyə prosesinə uyğun olmayan hallara qarşı maarifləndirmə işi aparılır”, -  deyə Zenfira Sevdimalı qeyd edib.

Qeyd edək ki, hazırda dünyanın bir çox ölkələrində, xüsusən, Avropa ölkələrində məktəblərdə telefon qadağası tətbiq olunub. Buna səbəb müasir dövrün sürətlə inkişaf edən, idarə olunması demək olar mümkünsüz olan texniki imkanlarının məktəblərdə şagirdlər arasında mənfi tendensiya yaratmasıdır. Azərbaycanda da artıq bir sıra məktəblərdə telefon qadağası tətbiq olunur.

Təhsil eksperti Kamran Əsədov deyir ki, məktəblərdə telefon qadağasının tətbiq olunması vacibdir:

“Çünki bu, şagirdlərin tədris prosesinə diqqətini artırmaq və yayındırıcı amilləri minimuma endirmək üçün mühüm addımdır. Tədqiqatlar göstərir ki, dərs zamanı telefon istifadəsi şagirdlərin konsentrasiyasını azaldır və onların akademik nəticələrinə mənfi təsir edir. Məsələn, İngiltərədə məktəblərdə telefonların qadağan edilməsindən sonra akademik göstəricilərdə 6-8% artım qeydə alınıb. Bu qərar təkcə tədris keyfiyyətini yüksəltməklə kifayətlənmir, həm də sosial şəbəkələrdəki kiberzorakılığın təsirini azalda və şagirdlər arasında ünsiyyəti təşviq edə bilər.

Telefonlar dərs vaxtı diqqət yayındırıcı vasitə olmaqla yanaşı, şagirdlər arasında rəqabət və təzyiq hissini də artırır. Onların qadağan edilməsi təhsil mühitini daha bərabər və sağlam edir. Lakin bu qadağa tətbiq edilərkən valideynlərlə şagirdlər arasında təcili ünsiyyət üçün alternativ mexanizmlər nəzərdə tutulmalı, texnologiyanın tədris məqsədilə istifadəsi üçün düzgün metodlar işlənib hazırlanmalıdır”.

Ekspert qeyd edir ki, bu addım texnologiyanın təhsildən tamamilə uzaqlaşdırılması deyil, onun düzgün idarə olunaraq istifadəsi üçün şərait yaratmaq məqsədini daşıyır:

“Məktəblərdə telefon qadağası təkcə dərs mühitində intizamı bərpa etmək deyil, həm də şagirdlərin daha sağlam psixoloji və akademik inkişafını təmin etmək üçün vacibdir”.

Xalidə Gəray,
Musavat.com

Seçilən
0
5
musavat.com

10Mənbələr