AZ

AMERİKA İMPERİALİZMİNİN TƏKAMÜLÜ – Avropada “ikinci cəbhə” – Qrenlandiya!

Bir neçə gündən sonra yenidən ABŞ Prezidenti olacaq Donald Trampın Qrenlandiya, Kanada və Panama barəsində səsləndirdiyi məlum bəyanatlar dünya ictimaiyyəti tərəfindən geniş müzakirə olunur. ABŞ-nin bu cür ekspansionist siyasət aparacağı barədə siqnallar dünyanın yeni tarixi mərhələyə qədəm qoyacağından xəbər verir...

“AzPolitika” xəbər verir ki, Ukraynanın “Unian.net” internet portalında gedən “Amerika imperializminin təkamülü” başlıqlı məqalədə sözügedən məsələyə toxunulur. 

Həmin məqaləni qısa ixtisarla təqdim edirik:

”ABŞ-də keçirilən seçkiləri izləyənlər arasında kimsə düşünmürdü ki, Tramp məlum “MAGA” şüarına əsasən Amerika neftinin hasilatının artırılması planının həyata keçirilməsindən yox, Kanadanın ilhaq olunması istəyindən danışacaq. Hələ üstəlik, Tramp Qrenlandiyanın və Panama kanalının ələ keçirilməsi üçün hərbi güc tətbiqini istisna etməyib. Meksika körfəzinin Amerika körfəzi adlandırılması isə lap tortun üstündəki gilanara bənzəyir.

Bu söz-söhbətlərin hamısı mövcud beynəlxalq hüququn “devalvasiya” olunmasına eyham vurur. Bir dövlət kimi Ukraynanın sərhədləri beynəlxalq hüquqa görə toxunulmazdır. Bundan başqa, belə söhbətlər 19-cu əsrin reallıqlarına qayıdışdır, hansı ki, o vaxt təcavüzkar imperializm özünün ən zirvə həddinə çatmışdı. İmperializmin yüksəlişi Birinci Dünya müharibəsinə yol açdı, sonra isə onun davamı olan İkinci Dünya müharibəsi başladı. Hamı elə zənn edirdi ki, həmin köhnə imperializm artıq dəfn edilib. Ancaq Putin və bir sıra digər diktatorlar “Pandoranın qutusunu”nu açdılar.

İndi 1997-ci ildəki “Fallout” adlı kompüter oyunu yada düşür. Həmin uydurulmuş oyunda Üçüncü Dünya müharibəsi məhz Kanadanın ABŞ tərəfindən ilhaqı ilə başlayır. Çinlilərin əlinə keçməməsi üçün Arktikanın təbii resursları uğrunda ABŞ mübarizəyə başlayır. Bu oyunun əsası hələ Birinci Dünya müharibəsindən sonra ABŞ Baş Qərargahı tərəfindən hazırlanmış və reallıqda mövcud olmuş “War Plan Red”-dən götürülüb. Həmin plana əsasən, ABŞ Britaniya ilə münaqişə yaranacağı təqdirdə Kanadanı zəbt etməliymiş. Əlbəttə, bu plan heç zaman reallaşmayıb, hərçənd ki, 1930-cu ildə imzalanmışdı.

Seçilən
1
azpolitika.info

1Mənbələr