Rusiya mütəmadi olaraq Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının mənfi münasibətindən və konfrontasiya mahiyyətindən danışır.
“Report” xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Bu missiyanın anti-Azərbaycan, anti-Rusiya, anti-İran məqsədləri aşkardır. Xüsusilə NATO ölkələri də buna qoşulur. Aydındır ki, bu, kollektiv Qərbin regionda mövcudluğunu möhkəmləndirmək üçün istifadə olunan geosiyasi layihədir. Onun vəzifələri bizə yaxşı məlumdur: vəziyyətin sabitliyinin pozulması və bundan Cənubi Qafqaz xalqlarına qarşı istifadə edilməsi", - o bildirib.
M.Zaxarova qeyd edib ki, Aİ-nin müşahidə missiyasından hərbi-siyasi vəziyyətin sabitliyinin pozulması və Cənubi Qafqaz regionunun geosiyasi rəqabət meydanına çevrilməsindən başqa heç nə gözləmək olmaz: "Aİ missiyası Cənubi Qafqaz üçün yad bir cisimdir. Region qarşısında duran bütün aktual məsələlər kənardan müdaxilə olmadan kollektiv səylərlə həll edilməlidir".