AZ

Azərbaycanın tolerantlıq ƏNƏNƏSİ: “Səbəb dövlət və xalq birliyinin olmasıdır”

Azərbaycanda dini-milli tolerantlıq ölkənin mədəni və sosial həyatının vacib tərkib hissəsidir. Tolerantlıq müxtəlif dinlərin, millətlərin və mədəniyyətlərin bir arada sülh və əmin-amanlıq şəraitində yaşamasını təmin edən anlayışdır. Əsrlər boyu müxtəlif dinlərə və inanclara sahib insanların bir arada yaşadığı bu torpaqda, qarşılıqlı hörmət və anlayış ən əsas prinsiplərdən biridir.

Azərbaycan, tarixən müxtəlif etnik və dini qrupların bir arada yaşadığı ölkə olub. İslam, xristianlıq, yəhudilik və digər dini inancların təmsilçiləri burada sülh içində birgə yaşayırlar. Bu, ölkənin dərin köklərə söykənən dini tolerantlıq ənənələrinin nəticəsidir. Dövlət və cəmiyyət bütün dini icmaların hüquqlarını qorumağa və onların bir-birinə hörmətlə yanaşmalarını təmin etməyə çalışır.

Hazırkı dövrdə Azərbaycanda dini-milli tolerantlıq həm yerli əhali, həm də xarici qonaqlar üçün mühüm mədəni dəyər olaraq qalır. Dövlətin dini azadlığa hörməti və fərqli etnik və dini qruplara eyni hüquqları tanıması, ölkənin inkişafında mühüm rol oynayır. Azərbaycanın bu sahədəki uğurları, digər ölkələr üçün nümunə təşkil edir və multikulturalizmin güclü modelini ortaya qoyur.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, bu gün Azərbaycanda dini etiqad azadlığı və dinlərarası münasibətlər ən yüksək səviyyədədir:

“Tarixən ölkəmizdə dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər kəs sülh və qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Hətta dini mənsubiyyətinə görə diskrimansiyaya uğrayan və təzyiqlərdən əziyyət çəkən istər xristian, istər yəhudi, istərsə də digər fərqli dinə inananlar ölkəmizdəki vəziyyəti bilərək Azərbaycana pənah gətiriblər.

Xüsusilə müstəqillik əldə etdikdən sonra Ulu Öndər Heydər Əliyevin siyasi təcrübəsi ilə dövlətin bu sahəyə diqqət və qayğısı daha da artdı. Günümüzdə Azərbaycan yeganə ölkələrdən biridir ki, nəinki etiqad azadlığını təmin edir, eyni zamanda, onlara maliyyə yardımı ayırır. Hətta Prezident İlham Əliyev bir neçə gün öncə bu sahəyə maliyyə vəsaitinin ayrılması ilə bağlı sərəncam imzaladı. Sadalanan amillər dövlətimizin bu sahəyə diqqətinin və uğurlu siyasətinin göstəricisidir”.

“İstər fəaliyyət göstərən səfirlər, istərsə də ölkəmizə gələn qonaqlar hər zaman Azərbaycandakı bu təcrübəni yüksək qiymətləndirirlər. Bunu Azərbaycanın uğuru kimi qiymətləndirmək olar. Qarşıdakı vəzifə isə həmin sahədə uğurun növbəti illərdə də davam etdirilməsidir. Dövlət bunun üçün davamlı olaraq addımlar atacaq”, – deyə o bildirib.

Dini ekspert Kənan Rövşənoğlu isə bildirib ki, qədim dövrdən günümüzə qədər Azərbaycanda müxtəlif dinlər və məzhəblər arasında normal münasibətlər mövcud olub:

“Yəni ölkəmiz fərqli dinlərin və mədəniyyətlərin birgə yaşadığı yerdir. Bizim bu sahə ilə bağlı ənənəmiz və təcrübəmiz var. Fikrimcə, dini zəmində gərginliyin baş verməsi üçün iki əsas səbəb var: daxili və xarici amillər. Xarici qüvvələrin məkrli planlarını nəzərə almasaq, heç bir zamanda bizdə bu mövzu ilə bağlı ciddi fikir ayrılığı və münaqişə baş verməyib. Səbəb isə birmənalı olaraq Azərbaycanda dövlət və xalq birliyinin olmasıdır”.

 

Nəsimi Ələsgərli

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanıb.

Seçilən
6
yenicag.az

1Mənbələr