AZ

“Dongfang Electronics Corporation” Azərbaycanda “ağıllı elektrik şəbəkələri”nin yaradılmasına dəstək olacaq

Çinin “Dongfang Electronics Corporation” şirkəti Azərbaycanın “ağıllı elektrik şəbəkələri”nin yenidən qurulmasına və “yaşıl enerji”nin inkişafına öz təcrübəsini və gücünü qatmağa hazırdır.

“Report”un işğaldan azad olunmuş ərazilərə ezam olunmuş müxbiri xəbər verir ki, bunu şirkətin Baş direktor müavini Şitan Cao jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, 2024-cü ilin noyabr ayında Bakıda keçirilən COP29 iqlim konfransında Çin şirkətinin geniş tərkibli nümayəndə heyəti iştirak edib:
“Bu tədbir çərçivəsində “Dongfang Electronics Corporation” şirkətinin idarə heyətinin sədri Fang Zhengji “Azərişıq” ASC-nin rəhbərliyi ilə görüşüb və səmimi müzakirələr aparıb. 2024-cü ilin dekabrında “Azərişıq” ASC-nin nümayəndə heyəti Çinə cavab səfəri edib. Bu qarşılıqlı səfərlər gələcək əməkdaşlıq üçün möhkəm təməl yaradıb. Bu günlərdə biz Azərbaycana gəldik, “Azərişıq”ın əməkdaşları ilə dərin müzakirələr apardıq və müxtəlif obyektlərə baş çəkdik. “Azərişıq” ASC-nin “ağıllı şəbəkə” və “yaşıl enerji” sahələrindəki innovativ təşəbbüsləri bizi çox təsirləndirdi”.

Şitan Cao bildirib ki, “Dongfang Electronics Corporation” qlobal səviyyədə tanınmış Çin enerji şirkətidir və dünyanın 50-dən çox ölkəsində fəaliyyət göstərir: "Şirkət elektrik paylayıcı və ötürücü sistemlər üzrə tam sənaye zəncirinə və həll yollarına malikdir. Biz ağıllı elektrik şəbəkələrinin yenidən qurulması, SCADA sistemlərinin inkişafı, eləcə də "yaşıl enerji"nin yaradılması və tətbiqi sahəsində zəngin təcrübəyə sahibik. Buna görə də “Azərişıq” ilə əməkdaşlıq üçün güclü baza və böyük potensial mövcuddur. Qarabağa səfərimiz zamanı müharibənin ağır izlərini və dağıntıları gördük, lakin eyni zamanda müharibədən sonrakı bərpa işlərinin çox sürətlə irəlilədiyinə şahid olduq. Müasir texnologiyaların tətbiqi yolların, evlərin və enerji infrastrukturunun yenidən qurulmasında özünü göstərir. Füzuli yarımstansiyasına baş çəkdik və burada qabaqcıl rəqəmsal texnologiyaların tətbiq edildiyini müşahidə etdik. Mütəxəssislərimiz bu nailiyyətləri yüksək qiymətləndirdi”.

O, həmçinin vurğulayıb ki, hazırda şirkət “Azərişıq” ilə SCADA sistemi, Qarabağ regionunun "ağıllı elektrik şəbəkəsi"nin qurulması və "yaşıl enerji"nin inkişafı sahələrində əməkdaşlıq edir.

Seçilən
2
report.az

1Mənbələr