Ermənistan və Avropa İttifaqı (Aİ) prioritetlərin yeni gündəliyi üzrə danışıqları demək olar ki, yekunlaşdırıb.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib.
“Prioritetlərimizin yeni gündəliyi üzrə Avropa İttifaqı ilə danışıqları demək olar ki, yekunlaşdırdıq. Yaxın bir neçə həftə ərzində nəticələri təqdim etmək üçün siyasi ictimaiyyətlə müvafiq görüş təşkil edəcəyik”, - erməni diplomat bildirib.
2024-cü ilin sentyabrında Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan bəyan eləmişdi ki, İrəvan və Aİ demokratik islahatların həyata keçirilməsi və sosial-iqtisadi sabitliyin təmin edilməsi istiqamətində əməkdaşlığın üfüqlərini genişləndirməyə yönəlmiş yeni tərəfdaşlıq gündəliyi üzrə danışıqlar aparır.
Xatırladaq ki, hökumət ötən həftə “Ermənistan Respublikasının Avropa İttifaqına qoşulması prosesinin başlanması haqqında” qanun layihəsini təsdiqləyib.