AZ

"Mingəçevir"in baş məşqçisi: "Böyük planlar həyata keçiriləcək" - MÜSAHİBƏ

Azərbaycan I Liqasında mübarizə aparan "Mingəçevir" klubunun yeni baş məşqçisi Füzuli Məmmədov "Report"a müsahibə verib.

İdman.biz xəbər verir ki, o, komandanın yeni tərəfdaşı ASTA-nın kluba verə biləcəyi töhfələrdən və gələcək planlardan danışıb. Mütəxəssis "Mingəçevir"in yaxın gələcəkdə Azərbaycan futboluna böyük faydalar verəcəyini söyləyib.

Füzuli müəllim, yeni təyinatınızla bağlı nə deyə bilərsiniz?

- Komandaya yeni təyin olunmuşam. Gələcək vəd edən kluba məni dəvət etdiklərinə görə çox şadam. İlkin təəssuratlarım müsbətdir. Hər kəsin bizə qarşı münasibəti çox xoşdur. Azarkeşlər bizi dəstəkləyir. İnanın, 200-ə yaxın azarkeş tribunalarda məşqi izləyir. Bu vəziyyətdən çox böyük motivasiya alırıq. Onlar futbolçulara inanırlar, komandaya güvənirlər. Artıq ümidləri böyükdür ki, doğma komandaları iddialılar sırasında yer alacaq. Onların inamı bizi çox həyəcanlandırır. Şərait yaxşı səviyyədədir və bundan da yaxşı olacaq. Futbolçular da razılıqlarını bildirirlər.

- Konkret olaraq sizi “Mingəçevir”ə dəvət edən şəxs kim oldu?

- Komandanın yeni sponsoru ASTA-nın (Azerbaijan Sport Talents Academy) prezidenti Rafael Bunyatovla danışıqlar apardıq. Təşəkkür edirəm ki, rəhbərlik mənə etimad göstərdi. O, mənə qarşıdakı planlardan, uzunmüddətli strategiyalarından danışdı. Hədəflərini, planlarını və nə istədiklərini söylədilər. Mənim də bəzi şərtlərim oldu və istəklərimiz bir-birini tamamladı. Qarşılıqlı razılıq əsasında bu kluba gəldim.

- Rəhbərliklə ilkin danışıqlar zamanı hansı məsələləri müzakirə etdiniz?

- Rəhbərliyin ilkin planı “Mingəçevir”i I Liqada saxlamaqdır. Bilirsiniz ki, turnir cədvəlində sonuncu sırada qərarlaşmışıq. Qarşıdakı mövsüm heyəti daha da gücləndirib, Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparmaq istəyirik. Təbii ki, bütün bunlar bir az zaman alan prosesdir. Amma rəhbərlik bizə, biz də rəhbərliyə güvənirik. Planlarımız çoxdur. İstəyirik ki, qarşıdakı illərdə Premyer Liqada mübarizə apara bilən, əsasən gənclərdən təşkil olunmuş, döyüşkən kollektiv yaradaq. Həmin futbolçular əsas çempionatda “Mingəçevir”i təmsil etsinlər, yetişsinlər və zamanı çatanda da Avropaya yollansınlar. Azərbaycan futboluna bu cür fayda verə biləcək işlər görmək istəyirik. İnşallah, vaxtı çatar, Premyer Liqada da yuxarı pillələr uğrunda mübarizə apararıq.

- Hazırda komanda Mingəçevir şəhər stadionunda təlim-məşq toplanışı keçir və arenanın ot örtüyünün durumu ürəkaçan deyil. Örtüyün dəyişdirilməsi ilə bağlı yaxın zamanda işlərə başlanılacaq?

- Açığı, mənim əsas işim komandanı çempionata kökləməkdir. Bu barədə bir söz deyə bilmərəm. Ancaq hər birimizə bəllidir ki, bütün çatışmazlıqlar aradan qaldırılacaq. İnfrastrukturla bağlı problem qalmayacaq. Dünən ASTA ilə “Mingəçevir” klubu arasında tərəfdaşlıq müqaviləsinin imzalanması mərasimində rəhbərliyimiz çox gözəl nitqlə çıxış etdi. Bildirdi ki, müəyyən vaxt ərzində bütün çatışmazlıqlar aradan qaldırılacaq. Bundan başqa, uşaq futboluna da xüsusi diqqət ayrılacaq. Yaxın gələcəkdə böyük planlar həyata keçiriləcək. Bütün bu işlər bir futbol mütəxəssisi kimi mənə çox xoş gəlir.

- Komandaya yeni sponsorun cəlb olunması futbolçulara nə dərəcədə müsbət təsir göstərib? Məşqlər zamanı onlar özlərini daha yaxşı tərəfdən göstərmək üçün çox çalışırlar?

- Çox gözəl mövzuya toxundunuz. Bu gün artıq bir məşq keçmişik. İnanın, futbolçular çox həvəslidirlər və özlərini ən yaxşı şəkildə təsdiq etməyə çalışırlar. Çünki şərait olan yerdə hər kəs oynamaq istəyir. Baxmayaraq ki, futbolçularda çatışmayan cəhətlər çoxdur. İstər fiziki, istərsə də taktiki-texniki hazırlıqları qənaətbəxş deyil. Bunun yeganə yolu dayanmadan və israrla öz üzərlərində işləməkdir. Bu onlar üçün şansdır. Onlar indi böyük planları və strategiyası olan klubun bir parçası ola bilərlər. Biz məşqçilər isə ədaləti qoruyub, layiq olanları üzə çıxarmalıyıq.

- Klub rəhbərliyi tərəfindən yeni transferlər üçün lazımi büdcə ayrılacaq?

- Artıq heyətimizə yeni futbolçular cəlb etməyə başlamışıq. Komandanı gücləndirmək, turnir cədvəlində sonuncu sıradan qurtulmaq üçün çalışırıq. Klub rəhbərliyi idmana yaxın insanlardır. Onlar da çox gözəl bilirlər ki, komandanı hazırkı vəziyyətdən çıxarmaq üçün bir neçə transfer etmək şərtdir. Bir neçə futbolçunun keçidi də gündəmdədir. Yaxın zamanda ictimaiyyətə açıqlanacaq.

- Son dövrlərdə Azərbaycan I Liqasına əcnəbi futbolçuların axını başlayıb. “Mingəçevir”də də legioner oyunçuların transferi gündəmdədir?

- Bəli, əcnəbi futbolçular da transfer etmək istəyirik. Sadəcə, bizdən asılı olmayan səbəblər var. Bəzən pul hər şeyi həll etmir. Oyunçuya müəyyən məbləğ təklif edə bilərsən, ancaq o, razılaşmaya bilər. Komandanın turnir cədvəlindəki hazırkı vəziyyəti və ya Mingəçevirdə məskunlaşması bəzi futbolçulara xoş olmaya bilər.

- Rafael Bunyatov “Report”a müsahibəsində baş məşqçi Füzuli Məmmədova güvəndiklərini və əcnəbi mütəxəssisə ehtiyac olmadığını bildirib. Əcnəbi məşqçi gələcəyi təqdirdə isə yalnız sizin köməkçiniz ola biləcəyini vurğulayıb. Bu fikir barədə nə deyə bilərsiniz?

- Təbii ki, xoş ifadələrdir. Bu cür etimadı doğrultmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik. Rafael müəllim idmana aidiyyəti olan şəxsdir. O da mövcud duruma baxır, məşqləri izləyir və bilir ki, gedişat yaxşı olacaq. Təbii ki, onun ictimaiyyət qarşısında bu fikirləri səsləndirməsi bizi həyəcanlandırmaya bilməz. Biz də öz növbəmizdə işimizə daha məsuliyyətlə yanaşırıq və motivasiyamız yüksəkdir.

İdman.biz

Seçilən
1
1
idman.biz

2Mənbələr