Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən iclasda şahidlər ifadə verib.
“MedEra Hospital”ın tibb bacısı Aynurə Paşazadə iş otağında olarkən söyüş səslərieşitdiyini bildirib:
“Səhər gələrkən təhvil sənədlərini almaq üçün birinci mərtəbədə qeydiyyat masasına yaxınlaşdım. Ağadadaş Ağayev həmin gecə hospitalda əməliyyat olunmuşdu. Bu barədə hospitalda qeydiyyat da var. Bu zaman mühafizəçi təcili yardıma yaxınlaşdı. Üzü qan içində idi. Hadisə mən durduğum yerdən görünürdü. Ağadadaş Ağayev balta atarkən hadisənin şahidi oldum. Balta içəridə vedrəyə, ordan da Nəzakət xanımın ayağına dəydi”.
Təqsirləndirilən Ağadadaş Ağayevin şahidə baltanın ölçüsü və rəngi barədə verdiyi suala Aynurə Paşazadə baltanın orta ölçüdə olduğunu, amma hadisədən uzun müddət keçdiyi üçün rəngini xatırlamadığını qeyd etdi.
Prosesdə şahid qismində çıxış edən Validə Cabbarova bildirib ki, onların dalaşdığını görüb:
“Hadisə zamanı işdə idim. Səs-küy eşitdim. Gördüm ki, Ağadadaş Ağayevlə mühafizəçi ilə dalaşır. Hadisənin səbəbini bilmirəm. Ağadadaş Ağayevin əlində balta görməmişəm".
Şahidin məhkəmə ifadəsilə ibtidai istintaqa verdiyi ifadə arasında ziddiyyət olub.
Məhkəmədə ibtidai ifadə verilən ifadə elan edilib. Validə Cabbarova həmin ifadəsində onların dalaşdığını və daha sonra Ağadadaş Ağayevin əlində balta ilə mühafizəçiyə tərəf getdiyini bildirib.
Şahid məhkəmədəki ifadəsini təsdiq edib.
Şahid Zaur Rüstəmov hadisəni görmədiyini bildirib: "Hospital ətrafında taksi sürücüsü kimi fəaliyyət göstərirəm. Hadisə zamanı orada olmamışam. Bu barədə eşitmişəm və sosial şəbəkədə yayılan videogörüntüləri izləmişəm. Həmin zaman mən ünvana müştəri aparırdım. Müştərini ünvanına apardıqdan sonra geri qayıtdım".
Şahid Firdovsi Səfərov ifadəsində ətrafdan söyüş səslər eşitdiyini bildirib:
“Baxdım gördüm ki, Nurəddin söyüş söyür. Söyüşlər qarşılıqlı şəkildə idi. Nurəddindən soruşdum ki, kimi söyürsən, əli ilə göstərdi. Göstərdiyi səmtə baxanda Ağadadaş Ağayevi gördüm. Ağadadaşın həm yaşca böyük, həm də ağsaqqal olduğunu deyib Nurəddinə irad bildirdim. Daha sonra gördüm ki, dalaşırlar. Onları ayırmağa çalışdım. Ağadadaş Ağayevin əlində balta tutmasını və onu atmasını videogörüntüdən görmüşəm".
Məhkəmə yanvarın 23-ü davam etdiriləcək.
Qeyd edək ki, ötən il iyulun 22-də Bakı şəhər sakini olan Nurəddin Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 7 radələrində gözətçi işlədiyi “MedEra” Hospitalda olan zaman paytaxt sakini Ağadadaş Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə hədələdiyini bildirib.
Nurəddin Cəlilov daha sonra izahatında Ağadadaş Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan Nəzakət Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.
Ağadadaş Ağayevin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə Nurəddin Saleh oğlu Cəlilov və Nəzakət Məzahir qızı Paşayeva zərərçəkmiş qismində tanınıb.