“Azərbaycan və Gürcüstan xalqları arasında münasibətlərin tarixi uzun əsrlərdən ibarətdir. İki müstəqil dövlət olaraq əlaqələrimizin tarixi isə 35 ilə yaxınlaşır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcü həmkarı Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu müddət ərzində ciddi çağırışlar mövcud olub: “Lakin iki ölkə arasında münasibətləri səciyyələndirən cəhət mehriban dostluq əlaqələri, qarşılıqlı dəstək, hörmət, bir - birinin daxili işlərinə qarışmamağa əsaslanır”.
C. Bayramov əlavə edib ki, Azərbaycanla Gürcüstan arasında münasibətləri səciyyələndirən əsas məqamlardan biri iki ölkənin beynəlxalq hüquqa həmişə hörmətlə yanaşmasıdır: “Uzun illər torpaqlarımızın işğal altında olması, soydaşlarımıza qarşı etnik təmizləmənin həyata keçirilməsi, mədəni abidələrimə qarşı vandallıq törədilməsinə baxmayaraq, məhz Azərbaycan Ermənistana sülh müqaviləsi üzərində işləməyi təklif edib. Son 4 il ərzində sülh sazişi üzrə irəliləyişin əldə olunmasına baxmayaraq, Ermənistan konstitusiyasında Azərbaycana qarşı təhdidlər hələ də qalmaqdadır”.
Nazir qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsi 2024-cü ildə bir milyard dollara yaxınlaşıb: “Mövcud dinamik bizi sevindirir və ümid edirik ki, yaxın zamanlarda daha böyük rəqəmlər barədə danışa biləcəyik. Ölkələrimizin iştirakı ilə bölgədə bir sıra qlobal layihələr həyata keçirilir”.
Günel İbrahimova