Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Elşad Həsənov deyib:
"Yanvarın 19-dan 20-nə keçən gecə silahlanmış rus qoşunları, xüsusi təyinatlı dəstələr hər tərəfdən Bakıya soxuldular. Nəticədə 147 nəfər şəhid oldu, yüzlərlə insan yaralandı və yüzlərlə insan da qanunsuz olaraq həbs olundu. Bu qanlı hadisəyə rəhbərlik etmək üçün öncədən Bakıya SSRİ-nin müdafiə naziri Dmitri Yazov və SSRİ DTK-nın sonuncu sədri Vadim Bakatin gəlmişdi. Bu, Azərbaycan xalqının təkcə faciəsi yox, həm də qəhrəmanlıq tarixidir. Əliyalın xalq təpədən dırnağa silahlanmış rus qoşunlarının qarşısına çıxdı. Onlar ölümdən qorxmadılar, azadlığı üstün tutdular. SSRİ-nin çöküşü də elə burdan başladı. Onlar səhv siyasət aparıb, ermənilərə dəstək verdilər, Dağlıq Qarabağda aparılan hadisələrə əvvəlcə biganə yanaşdılar. Sonra isə məhz erməni milyarderlərinin Qorbaçovun yoldaşı Raisa Qorbaçovaya hazırlayıb verdiyi brilyantlardan sonra tam olaraq Ermənistanın tərəfini tutdular.
Bu, Azərbaycan xalqına qarşı hərbi təcavüz idi və bunun da siyasi qiymətini məhz Ulu Öndər Heydər Əliyev verdi. O zaman SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Siyasi Büronun üzvü vəzifələrindən istefa edib Moskvada təqaüddə olan Heydər Əliyev yanvarın 21-də Moskvada Azərbaycan səfirliyinə gələrək jurnalistlərin qarşısında siyasi bəyanatla çıxış etdi. Çıxış zamanı bu cinayətin törədilməsini pislədi və SSRİ rəhbərlərinin bu hadisəyə görə cavab verməli olacaqlarını bildirdi. Əliyalın xalqa qarşı silahlanmış ordunun göndərilməsini çox ağır cinayət hesab etdi. SSRİ dövründə hər şey qapalı idi. Heydər Əliyevin həmin mətbuat konfransından sonra ilk dəfə beynəlxalq aləm, dünya ictimaiyyəti Qanlı Yanvar hadisəsindən xəbər tutdu. Xalq bu qırğınlardan qorxmadı. Yanvarın 22-də şəhidlərin dəfn mərasimi keçirildi. Azadlıq meydanından Şəhidlər xiyabanına olan yolda 2 milyona yaxın əhali öz şəhidlərini dəfn etmək üçün toplaşdı. Bunu bütün dünya, o cümlədən SSRİ rəhbərliyi gördü və xalq tələb etdi ki, Milli Məclisin fövqəladə iclası keçirilsin və həmin iclasda da fövqəladə vəziyyətin ləğv olunması haqqında qərar qəbul edildi.
O zaman Əbdürrəhman Vəzirovun hakimiyyət dövrü idi. Onun siyasi savadsızlığı, xalqdan ayrı düşməsi, xalqla təmasda olmaması, Rusiyanın mərkəzi aparatına tabe olması və onların vasitəsilə öz xalqına qarşı qoşun çağırması bu qanlı hadisəyə səbəb oldu. Bu faciəyə ilk dəfə 1994-cü il martın 29-da Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis səviyyəsində siyasi qiymət verildi.
20 Yanvar şəhidləri Şəhidlər xiyabanında dəfn olunub. Ora xalqın həm qürur, fəxr yeridir, həm də azadlıq uğrunda mübarizə aparan oğulların yatdığı yerdir. Bu il artıq 35 ildir ki, bu faciəni böyük qürurla yad edirik. Bu günkü azad Azərbaycanın inkişafında həmin şəhidlərin göstərdiyi qəhrəmanlığın böyük rolu var. SSRİ dağıldı, Azərbaycan müstəqilliyini qazandı və müstəqillik dövründə də çox böyük yüksəlişlər əldə etdi. Azərbaycan 2020-də öz ərazi bütövlüyünü bərpa etdi. Hadisənin 35-ci ildönümündə də şəhidlərimizi ziyarət edib, yad edəcəyik. Xalqımız qəhrəman, hər şeyə layiq xalqdır. Bizim şəhidlərimiz bizim qürur, fəxr yerimizdir. Ona görə də onlar hər zaman xalq tərəfindən anılacaq, seviləcək. Allah onlara rəhmət etsin!"
Qiymət Mahir