1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Baş vermiş faciə ilə əlaqədar ikitərəfli təmasların olması vacibdir. Prezidentlər iki dəfə - 28 və 29 dekabr tarixlərində telefon danışığı aparıblar. Həmçinin, xarici işlər nazirləri arasında da danışıqlar olub. İstintaq orqanları da sıx əməkdaşlıq edirlər".
Oxu.Az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Baku TV-nin jurnalistinin AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə əlaqədar aparılan araşdırmanın nəticələrinə dair sualına cavab verərkən söyləyib.
M.Zaxarova xatırladıb ki, Rusiya xarici işlər naziri Sergey Lavrov yanvarın 14-də verdiyi bəyanatda qeyd etmişdi ki, baş vermiş təyyarə qəzası ilə bağlı hərtərəfli araşdırma aparılır və bütün fakt və faktorlar dəqiqliyi ilə araşdırılır.
"Dünən Rusiya İstintaq Komitəsi geniş bəyanat yayaraq baş vermiş hadisə ilə əlaqədar açılan cinayət işinin davam etdiyini, "qara qutu"nun oxunması və digər məqamlar üzərində aparılan təhqiqatların davam etdiyini bəyan edib. Bizim hamımıza həqiqət lazımdır. Hər bir Azərbaycan vətəndaşına həqiqət lazımdır, deyə bilərəm ki, bu həqiqət heç bizim ölkəmizə də az lazım deyil. İndi bu həqiqəti axtarıb tapmaq üçün bizim səylərimizi birləşdirmək vacibdir", - deyə M.Zaxarova vurğulayıb.
Azərbaycanlı jurnalistin ünvanlandığı suala cavabının davamında M.Zaxarova vurğulayıb ki, kütləvi informasiya vasitələri və sosial şəbəkələr üzərindən istintaqın gedişinə müdaxilə etmək, az qala insanlar arasında nifaq salmaq cəhdlərinin olduğunu görürük.
"Bunlardan biri şəbəkələrdə guya Sergey Lavrov adından Azərbaycan diplomatlarına ünvanlanmış məktubdur. Biz bunu təkzib etdik. Bir daha diqqətinizə çatdırmaq istəyirəm ki, bu feyk pis olmayan ingilis dilində tərtib olunmuşdu. Bunun arxasında kim dayanır? Bu kimə lazımdır? Düşünürəm ki, bu, Rusiya ilə Azərbaycan arasında olan müttəfiqlik münasibətlərinə zərbə vurmaq istəyənlərə, o cümlədən ümumavropa aviasiya logistikasını addım-addım məhv edənlərə lazımdır. Belə su bulandıranlar az deyil", - deyə M.Zaxarova vurğulayıb.