Rusiya İstintaq Komitəsi dekabrın 25-də Aktau şəhəri yaxınlığında AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işinin istintaqını davam etdirir.
İstintaq Komitəsinin məlumatında qeyd olunur ki, Braziliya Aviasiya Qəzalarının Araşdırılması Mərkəzində (SENIPA) Dövlətlərarası Aviasiya Komitəsinin mütəxəssisləri ilə birlikdə təyyarənin qara qutularından alınan məlumatlar araşdırılır.
Qroznı, Mahaçqala və Mineralnıye Vodı dispetçerlərinin hava gəmisinin komandiri ilə danışıqları təhlil edilir. Kompleks aviasiya-texniki ekspertiza təyin edilib. Təyyarənin bütün sistemlərinin vəziyyəti, habelə maddi sübutlar öyrənilir.
İstintaq faciənin səbəblərinin bütün mümkün versiyalarını araşdırır, məlumatda deyilir.
Bakı-Qroznı reysilə uçan təyyarədə 67 nəfər olub. Dekabrın 25-də qəza nəticəsində 38 sərnişin həlak olub, 29 nəfər sağ qalıb.
Qara qutuların qeydlərinin şifrəsinin açılmasının başa çatdığı yanvarın 7-də məlum olub. Yanvarın 16-da şəbəkədə təyyarə komandirinin Qroznı, Rostov və Aktau dispetçerləri ilə danışıqlarının mətni yayılıb. Ancaq Rusiyanın rəsmi orqanları danışıqların həqiqi olduğunu təsdiqləməyiblər və onları şərh etməkdən imtina ediblər.