Bakı, 16 yanvar, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) elm və innovasiyalar üzrə prorektoru fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mirniyaz Mürsəlovun “Qurani-Kərim” dərsliyi nəşr olunub.
İlahiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, “Qurani-Kərim əlifbası” adlanan birinci fəsildə Qurani-Kərimin tarixi haqqında geniş məlumat verilir, hərflərin adları, məxrəcləri, xüsusiyyətləri, onların əvvəldə, ortada və sonda yazılışı barədə ətraflı bəhs olunur. Bundan sonra məd hərfləri, məd hərfi – “əlif”i əvəzləyən “vav” və “yə” hərfləri, yazıda görünməyən məd hərfləri, sözlərin sonunda yazılan “hə” hərfinin oxunuş qaydası, “əlif-lam” birləşməsinin oxunuşu, “Allah” sözünün, həmçinin müqəttəə hərflərinin oxunuş qaydaları kimi mövzular təfsilatlı şəkildə öz əksini tapır.
“Qurani-Kərim təcvidi” adlanan ikinci fəsildə təcvid elminin tərifi, məqsədi, hökmü haqqında məlumat verilir, həmçinin Quran oxuyarkən ortaya çıxacaq xətalar və bu xətaların ibadətə təsiri barədə danışılır. Bundan sonra ənənəyə uyğun olaraq, məd, idğam bəhsi, hərfi-tərif, sakin “nun” və tənvinə, eləcə də sakin “mim” və “ra” hərflərinə aid hökmlər, səktə, vəsl və vəqf, işmam, imalə, təshil kimi təcvid qaydaları nəzəri surətdə izah olunur, Qurani-Kərimdən götürülmüş nümunələrlə təsvir edilir.
Dərslikdə təcrübəyə əsaslanaraq, bəzi qaydalar daha aydın başa düşülməsi və asan qavranılması üçün cədvəllər üzrə sıralanır.
“Qurani-Kərim qiraəti – 1” və “Qurani-Kərim qiraəti – 2” adlı fəsillərdə isə birinci və ikinci fəsillərdə öyrədilən nəzəri metodlar Qurani-Kərimin müəyyən surələri üzərində praktik olaraq tətbiq edilir.
Kitabın hazırlanmasında Azərbaycan, ərəb və türk dillərində mövcud olan mənbələrdən istifadə edilib.