Yevlaxda 37 yaşlı arvadı Laləzar Bəkirovanı xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan 38 yaşlı Həsrət Bəkirovun cinayət işinin təfərrüatları məlum olub. Həsrət arvadını öldürməzdən əvvəl narkotik vasitədən istifadə edib. Onun dediyinə görə həmin narkotik vasitəni arvadının cibindən götürüb.
Musavat.com xəbər verir ki, Həsrət Bəkirov qətli namus üstündə törətdiyini deyib.
İddia edib ki, arvadı narkotik vasitədən istifadə edib və ona xəyanət edirmiş. Amma mərhumun anası, qohumları və hətta Həsrətin anası da bu iddiaları əsassız hesab ediblər.
Həsrət daha əvvəl 6 dəfə məhkumluq həyatı yaşayıb, heç bir yerdə də işləməyib. Sonuncu dəfə də 2023-cü ildə narkotik ittihamı ilə həbs edildikdən sonra vaxtından əvvəl azadlığa buraxılıb. Onun arvadı ilə münasibətləri elə ilk vaxtlardan yaxşı olmayıb. Boşanma ilə bağlı bir neçə dəfə razılığa gəlsələr də sonradan birlikdə yaşamağı qərarlaşdırıblar. Mərhum anası da buna görə qızına bir neç dəfə irad bildirərək boşanmasını istəyib. Amma Laləzar 6 uşağını qoyub evi tərk etmək istəməyib.
Bəkirovların münasibətləri yaxşı olmasa da bu evlilikdə 6 uşaqları dünyaya gəlib. Övladlarının böyüyünün 13, kiçiyinin isə 4 yaşı var.
İstintaq zamanı təyin edilmiş ekspertiza rəyi ilə müəyyən edilib ki, Həsrət cinayət əməlini törədən zaman narkotik vasitənin təsiri altında olub. Elə cinayəti törətdiyi dəqiqələrdə metamfetamin qəbul edibmiş.
Məhkəmədə geniş ifadə vermək istəməyən Həsrət deyib ki, hadisə vaxtı ağlı başında olmayıb. Ona görə də bu əməli törədib. Ona qarşı irəli sürülmüş xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsini qəbul etməyib. Deyib ki, qəsdən adam öldürmə maddəsinin ən aşağı sanksiyası ilə cəzalandırılmasını istəyir.
Hadisə günü baş verənləri danışan Həsrət bildirib ki, arvadı sonuncu dəfə onu qıcıqlandıran sözlər deyib: “Mənə xəyanət etdiyini düşünürdüm. Həbsdən çıxandan sonra ona bir neçə dəfə xəbərdarlıq etmişdim. Bir gün yolda olanda tanımadığımız bir cavan oğlan bizi görüb qaçdı. Kim olduğunu soruşanda Laləzar tanımadığını dedi. Mən maraqlananda dedilər ki, həmin oğlanın Laləzarla münasibəti olub”.
Həsrət tanımadığı şəxslərdən aldığı “dəqiq” məlumata görə arvadından şübhələnməyə başlayıb və onu öldürmək qərarına gəlib:
“Mənə kişi kimi də hörmət etmirdi. Başqa adamların adını çəkib məndən yaraşıqlı olduqlarını deyirdi. Həmin gün yenə mübahisə elədik. Cibində narkotik tapdım. Kimin olduğunu soruşdum. Dedi ki, özünün deyil, kimsə onun cibinə qoyub. Mən düşündüm ki, narkotiki verən həmin oğlandır. Buna görə də onun başından tutub pəncərəyə vurdum. Şüşə qırılıb yerə töküldü”.
Bundan sonra Həsrət yerdən götürdüyü şüşə parçası ilə Laləzarın boğazını kəsib, sonra da onun bədəninin müxtəlif yerlərinə 17 dəfə zərbə endirib.
Həsrətin ifadəsindən məlum olub ki, Laləzarı öldürməmişdən əvvəl onun cibindən götürdüyü narkotik vasitəni də istifadə edibmiş. Qətli də bundan sonra törədib.
Arvadına 17 zərbə vurması, xüsusi amansızlıqla öldürməsi hissəsini xatırlamadığını deyən Həsrət bildirib ki, ağlı başında olmayıb...
Mərhumun anası Roza Xasanova məhkəmədə dindirilən zaman qızının narkotik vasitədən istifadə etməsi haqda deyilənlərin yalan olduğunu söyləyib. Bildirib ki, qızının xəyanət etməsi haqda Həsrətin dedikləri də yalandır. O, qızının ailə vəziyyətinin yaxşı olmadığını, dəfələrlə qızına boşanmağı məsləhət gördüyünü deyib. Lakin qızı övladlarını qoyaraq evdən ayrılmaq istəməyib.
Ana soncu dəfə qızı ilə danışan zaman Həsrətin onu ölümlə təhdid etdiyini deyib: “Qızım dedi ki, Həsrət deyib ki, xəyanət etdiyi üçün onu öldürəcək. Mən də dedim ki, çıx, gəl. Amma gəlmədi. Yola getmirdilər. Həsrət narkotik istifadəçisi idi. Heç bir səbəb olmadan dava-dalaş salırdı. Nəticə də belə oldu”.
Mərhumun anası, hüquqi varisi Roza Xasanova qətli törədən Həsrəti bağışlamadığını, ona ağır cəza verilməsini istəyib.
Həsrətin anası da dindirilən zaman gəlinin narkotikdən istifadə etməsinin doğru olmadığını deyib. Gəlininin oğluna xəyanət etməsi məsələsi haqda danışan zaman isə bildirib ki, bu barədə məlumatı yoxdur.
Mərhumun qohumları da məhəkəmədə şahid kimi dindirilib. Onların heç biri Laləzarın narkotik vasitədən istifadə etdiyini təsdiqləməyib. Həmçinin Laləzarın həyat tərzi ilə bağlı da fərqli fikir bildirməyiblər, Həsrətə xəyanət etdiyini deməyiblər.
Məhkəmə Həsrətin Laləzarı xəyanətdə ittiham etməsini əsassız hesab edib. Həmçinin keçirilən ekspertiza ilə Laləzarın narkotik vasitədən istifadə etmədiyi də sübuta yetirilib.
Qeyd edilənlər nəzərə alaraq Şəki Ağır Cinayətlər Məhkəməsi Həsrət Bəkirov barəsində hökm çıxarıb. Hökmə əsasən Həsrət Bəkirov xüsusi amansızlıqla qəsdən adam öldürməkdə təqsirli bilinərək 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun narkomaniyadan məcburi müalicəsi ilə də bağlı qərar qəbul edib.
Mərhumun övladlarına nəzarət və qulluq edilməsi Yevlax Rayon İcra Hakimiyyətinin qəyyumluq və himayəçilik orqanına tapşırılıb.
İ.Muradov,
Musavat.com