AZ

Kimdir günahkar? QHT sədri Zenfira Mustafayeva yazır

Bu gün uşaq və yeniyetmə qəddarlığından danışmaq istəyirəm. Qəddarlığı müasir dövrdə çox insanlar normal qəbul edir. Bütün dünyada məlumdur ki, kiçik konfliktlər böyük davalara səbəb olur. Uşaq filmlərində, kompüter oyunlarında, cizgi filmlərində yalnız dava, təhqir, aqressiya, hətta ölüm əks olunur. Personajlar bir-birinə əzab verir və bu da zövq verir. Beləliklə, davranış modelini böyüklər yaradır və uşaqlar bunu həyat norması kimi qəbul edirlər.

Uşaq-yeniyetmə qəddarlığı böyüklərin qəddarlığından nə ilə fərqlənir? Böyüklərdə bu hiss ən çox şəxsi zəmində baş verir və ciddi səbəbləri olur. Uşaqlarda isə bu "dəb" sayılır və öz "liderliyini" sübut etməyə çalışırlar. Bir çox yeniyetmələr eşitdikləri hadisələrin fərqinə varmadan, məsələnin ciddiyyətini anlamadan qəddarlıq edirlər. Oyun prosesində hər şey o qədər asandır: kimisə vurur, qanını axıdıb qalib gəlir və yeni hədəfə doğru daha həvəs və qəddarlıqla gedir. O anda ağrı hiss etmir. Bundan əlavə, internet və televiziyalar kriminal xəbərlərlə doludur. Müasir uşaqlar bunlara adaptasiya olurlar. Meyxanalara həvəs, oğurluq dünyasından bəhs edən çağırışlar yeniyetmə həyatını məhv edir. Bəli, televiziyalar, internet, məktəb böyük rol oynayır. Amma hər şey ilk ailədən gəlir. Şahidi olduqları ata-ana konfliktləri, şiddət, aqressiya və s. uşaqlara çox təsir edir və onlarda daxili özünü qoruma olmur. Belə uşaqlar ya kiminsə qurbanı olur, ya da özü zəif hədəf seçərək qəddarlıq edir.

Hər gün kriminal xəbərlər yayılır. Məktəblərdə və ya məktəbdən kənarda yeniyetmələr bir-birinə xətər yetirir, bıçaqlanma hadisələri çox olur. Valideynlər özünə haqq qazandırır: "Mən işləyirəm, onları təmin etmək üçün". Çox zaman valideynlər də özünü qorumaya alaraq çox şeyləri görməzdən gəlir. Uşaqlar bizim gələcəyimizdir. Bu sözlər çox səslənsə də, hələ də tam mənasını anlamayanlar çoxdur. Valideynlərlə, məktəblərlə və məktəbdən kənarda ciddi işlər aparılmalıdır. "Məndən keçdi, qonşuma dəydi" fikirləri yox olmalıdır. Çünki bu aqressiya bir gün istər-istəməz sizin də qapınızı döyə bilər…

 

 Zenfira Mustafayeva 

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri

Seçilən
20
qht.az

1Mənbələr