AZ

Vaşinqton-İrəvan strateji sazişi: ABŞ-ın Ermənistandakı əsas hədəfi Azərbaycan deyilmiş?

Musavat.com xəbər verir ki, politoloq Asif Nərimanlı Vaşinqton-İrəvan strateji sazişi və ABŞ qüvvələrinin Ermənistana yerləşdirilməsi ilə bağlı maraqlı təhlil aparıb.

Ekspertin fikrincə, Ermənistan Baş naziri Nikol Paşinyan hökumətinin əsas məqsədi “Qərb qalxanını” gücləndirmək və Azərbaycanla münasibətlərdə mövqelərini möhkəmləndirməkdir. Lakin burada ən aktual sual ABŞ-ın Ermənistandakı əsas hədəfinin nə olduğu ilə bağlıdır.

994fdb034e-Asif-nerimanli-azerba-1.jpg
Asif Nərimanlı

ABŞ-ın hədəfi: Ermənistan vasitəsilə Rusiyaya təzyiq

Nərimanlının təhlilinə görə, ABŞ-ın bu addımda əsas məqsədi Cənubi Qafqazda Rusiyanın boşalan mövqelərini doldurmaqdır. İrəvana praktiki dəstək göstərilməsi Moskvanın Ermənistan üzərindəki təsirini zəiflədə bilər. Lakin politoloq qeyd edir ki, Rusiyanın Ermənistanla birbaşa sərhədinin olmaması ABŞ-ın Ermənistandakı mövcudluğunu Moskva üçün ciddi strateji təhdidə çevirmir.

Bununla belə, Rusiya ilə ABŞ arasında mümkün razılaşma ssenarisi diqqətdən qaçmır. Əgər Moskva Ermənistanda Gümrü bazasının saxlanılması qarşılığında ABŞ qüvvələrinin gəlməsinə loyal münasibət göstərərsə, Vaşinqton-İrəvan əməkdaşlığı yeni mərhələyə keçə bilər.

Ermənistan ABŞ üçün İrana qarşı platforma ola bilərmi?

Müzakirələrin mərkəzində dayanan əsas suallardan biri də ABŞ qüvvələrinin Ermənistana yerləşdirilməsinin birbaşa hədəfinin İran olub-olmamasıdır. ABŞ-ın İrana qarşı planlarının Cənubi Qafqazdakı dinamikaya təsiri böyükdür. İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın Bakı və İrəvana planlaşdırılmamış səfəri də bu kontekstdə diqqət çəkir. Əhmədianın səfəri İranın Ermənistanın ABŞ-la sazişini dəyərləndirmək məqsədini daşıyırdı.

Tehranın Ermənistan planı: ABŞ-ı dayandırmaq cəhdi

Ekspert qeyd edir ki, İran Ermənistana qoşun yerləşdirmək təklifi ilə çıxış edib. Məqsəd ABŞ-ın təsirini minimuma endirmək və regionda öz mövqelərini gücləndirməkdir. Tehran anlayır ki, Vaşinqtonun İrəvandakı təsiri İran ətrafında mühasirəni daraltmaq planlarının tərkib hissəsidir.

Cənubi Qafqaz: İranın mühasirəsi və Qərbin yeni strategiyası

Cənubi Qafqaz yalnız Rusiya və Çinə qarşı mübarizədə deyil, həm də İranın əhatələnməsi strategiyasında əsas coğrafiyalardan biri hesab olunur. Ekspertin fikrincə, Ermənistanın seçilməsi təsadüfi deyil:

• İranla uzun sərhədləri olan Azərbaycan Qərbin planlarında yer almır;
• Ermənistan İranın Cənubi Qafqazdakı əsas təsir zonasıdır;
• Paşinyan hakimiyyəti ABŞ planlarına uyğun hərəkət etmək üçün daha əlverişli platformadır.

Nəticə: İrana qarşı qlobal mübarizənin növbəti mərhələsi

Nərimanlı vurğulayır ki, Yaxın Şərqdə İranın proksi qüvvələrinin zəiflədilməsi prosesindən sonra növbəti mərhələ Cənubi Qafqaz vasitəsilə Tehranın ətrafında mühasirəni gücləndirməkdir. Bu, hərbi müdaxilə və ya rejimin dəyişdirilməsi ssenariləri ilə nəticələnə bilər.

Musavat.com

Seçilən
3
musavat.com

1Mənbələr