2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın çay idxalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 3.3 faiz artaraq 12 893.4 ton, dəyər baxımından isə 4.5 faiz artaraq 67 milyon 715.5 min dollar təşkil edib. Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, hesabat dövründə Azərbaycanın çay ixracı illik müqayisədə həcm baxımından 4.5 faiz artaraq 679.4 ton, dəyər baxımından isə 1.6 faiz artaraq 5 milyon 998.4 min dollar təşkil edib. Beləliklə, həcm ifadəsində idxal ixracı 19 dəfə üstələyib.
Bu dövrdə çayın bir kiloqramının orta idxal qiyməti 8.9 manat, orta ixrac qiyməti isə 15 manat təşkil edib.
Qeyd edək ki, ötən ilin yanvar-noyabr ayları ərzində ölkə ərazisində çay istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8.9 faiz artaraq 11 min 528 ton təşkil edib. Hesabat dövründə çay ixracı Azərbaycanın ümumi ixracının 0,02 faizini, çay idxalı isə ölkənin ümumi idxalının 0,36 faizini təşkil edib.
Məlumat üçün bildirək ki, ölkəmizdə çay bitkisi ilk dəfə XIX əsrin sonlarında əkilib. Çayın elmi əsaslarla becərilməsinə 1929-cu ildən, sənaye miqyaslı plantasiyaların salınmasına isə 1932-ci ildən başlanılıb. Araşdırmalara görə, əsas hissəsi Lənkəran iqtisadi rayonunun payına düşməklə, ölkədə 21 min hektara yaxın ərazinin təbii iqlim şəraiti, torpaqlarının mövcud vəziyyəti çay bitkisinin becərilməsinə imkan verir.
Bununla belə, 1990-cı illərdən etibarən ölkədə çay sahələri və istehsalı tədricən azalmağa başlayıb və 2010-cu ildə çay plantasiyalarının sahəsi 587 hektara, məhsul istehsalı 545 tona düşüb.
2018-ci ildə isə "Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı" qəbul edilib. Məqsəd ölkədə quru çaya olan tələbatın əsasən yerli məhsul hesabına ödənilməsi, çay emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, emal sənayesinin inkişaf etdirilməsi, çay məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün çayçılığın inkişafını stimullaşdırmaqdır. Dövlət Proqramının icrası nəticəsində 2027-ci ilədək əkin sahələrinin 3000 hektara, yaşıl çay yarpağı yığımının 8,5 min tona çatdırılması nəzərdə tutulur.
Bəs, görəsən, ölkəyə idxal olunan çayın həcminin artmasına səbəb nədir?
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib ki, Azərbaycanda çay istehsalı kəskin şəkildə aşağı düşüb:”Azərbaycan vaxtilə 36 min ton yaşıl çay istehsal edib. İndi isə cəmi min ton yaşıl çay istehsal edir. Yəni, Azərbaycanın istehsal etdiyi yaşıl çayın həcmi o qədər azdır ki, nə idxala, nə ixraca heç bir təsiri yoxdur. Sadəcə, Azərbaycan hansısa ildə daha çox çay idxal edir. Və həmin çayın daxildə qablaşdırılması həyata keçirilərək digər ölkələrə ixrac edilir. Beləliklə, digər ölkələrdə tələbat artanda çay daha çox ixrac olunur, tələbat azalanda isə əksinə ixrac azalır”.
Ekspert vurğulayıb ki, Azərbaycanın çay tələbatının 95 faizi idxal hesabına təmin edilir: “Baxmayaraq ki, ölkəmizdə çayçılığın inkişafı ilə bağlı dövlət proqramı qəbul edilib, bu sahədə hansısa irəliləyiş əldə olunmayıb. Məsələn, dövlət proqramının qəbulundan altı il keçsə də, yaşıl çay istehsalı lazımi səviyyəyə çatmayıb. Həmin dövlət proqramının icrası nəticəsində 2027-ci ildə çayın əkin sahələrinin 3 min hektara çatdırılması nəzərdə tutulsa da, sənədin qəbulundan altı il keçəndən sonra əkin sahəsi cəmi min hektardır. Çox güman ki, bundan sonra da bu, artmayacaq, çünki bu istiqamətində hər hansı bir iş görülmür. Çayın istehsalı da qeyd etdiyim kimi ildə min tondur. Yəni, proqramın qəbulundan əvvəl istehsal necə olubsa, elə də qalıb".
Onun fikrincə, iki il ərzində istehsalın səkkiz dəfə artacağı inandırıcı deyil: "Müqayisə üçün, 1988-ci ildə Lənkəran-Astara bölgəsində çay plantasiyalarının sahəsi 13.4 min hektar olub. İndi isə əkin sahələri əhəmiyyətli dərəcədə azalıb.Burada ciddi problemlər süni olaraq yaradılıb. Çayçılıqla məşğul olan fermerlər su təminatından şikayət edirlər. Belə olan halda, əlbəttə, istehsaldan söhbət gedə bilməz".
Ekspertin sözlərinə görə, digər tərəfdən, zərərvericilərin, xəstəliklərin yayılması tələb edir ki, keyfiyyətli pestisidlər ya ölkədə istehsal olunsun, ya da xaricdən gətirilsin: "Burada monopoliya aradan qaldırılmalıdır ki, nəticədə bu keyfiyyətli pestisid fermerlərə əlçatan olsun. Hələlik isə tam tərsinədir. Üstəlik də, gübrələr də keyfiyyətsizdir, qiyməti yüksəkdir. Nəticədə məhsuldarlıq artmır".
Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli də bildirib ki, Azərbaycanda çay istehsalı daxili tələbatı ödəyəcək səviyyədə deyil: ”Düzdür, statistik rəqəmlər son illər çay idxalında müəyyən irəliləyişlərin olduğunu göstərir. Amma məsələ burasındadır ki, bu Azərbaycanın çay istehsalı potensialının 10-15 faizi həcmindədir. Əslində bu sahədə potensialımız yüksəkdir. Sovetlər dönəmində həm daxili bazarı təmin edirdik, həm də bütün sovet ölkələrinə Azərbaycan çayı ixrac olunurdu. Hazırda bununla bağlı hökumətin stimullaşdırıcı addımları var. Həmin addımlar nəticəsində ildən-ilə çay plantasiyaları genişlənir. Amma hesab edirəm ki, hökumət bu istiqamətdə daha effektiv dəstək verə bilər. Məsələn, yalnız cənubda deyil, həm də şimalda çay yetişdirilməsinə cəhd göstərilməlidir. Zaqatalada sovetlər dönəmində çay yetişdirilib ki, o çay heç vaxt daxili istehlaka yönəldilməyib. Həmin çay Darcilinq çay istehsalçılarının məhsulundan da üstün keyfiyyətlərə malik olub. Yəni, Zaqatalada yetişdilən çay cənub bölgəsində yetişdirilən çaydan dəfələrlə keyfiyyətli olub. Lakin indi heç kimin yadına düşmür ki, Zaqatalada çay plantasiyaları salmaq lazımdır”.