Məlum olduğu kimi, Rusiya universitetləri 2026-cı il sentyabrın 1-dən yeni təhsil sisteminə keçəcək. Belə ki, ölkədə təhsilin bakalavr pilləsi ləğv ediləcək. Bakalavrın əvəzinə təhsildə iki səviyyə tətbiq olunacaq - ali və ixtisaslaşdırılmış ali təhsil.
Əsas səviyyədə təhsil müddəti dörd ildən altı ilədək, ixtisas səviyyəsində isə bir ildən üç ilədək olacaq. Beləliklə, ölkədə təhsil müddətinin vaxtı uzadılır. Bu sistem vasitəsilə insanlar sadəcə diplom almaq üçün oxumayacaq, əsas məqsəd seçdiyi sahə üzrə ixtisaslaşmaq olacaq. Azərbaycan təhsilində də hazırda əsas problemlərdən biri abituriyentlərin sadəcə “ali təhsil”i olsun deyə maraq dairələrinə və bacarıqlarına uyğun olmayan ixtisaslara yönəlib, univeristeti bitirəndən sonra işsiz qalmalarıdır. Rusiyada tətbiq edilən yeni qaydanın ölkəmizdə də tətbiq edilməsi müzakirə olunur. Maraqlıdır, Azərbaycan yeni təhsil modelinə keçə bilər?
Kamran Əsədov: “Azərbaycanda 5 illik təhsil sisteminə keçid mümkün ola bilər, lakin bu, ciddi planlama və genişmiqyaslı islahatlar tələb edir”
Təhsil üzrə ekspert Kamran Əsədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Rusiyanın bakalavriat və magistratura pillələrini ləğv edərək 5 illik inteqrasiya olunmuş təhsilə keçidi yalnız təhsil islahatı deyil, həm də ölkənin təhsil siyasətində mühüm bir dönüş nöqtəsidir: “Xatırladım ki, Bolonya sistemi Azərbaycanda 2005-ci ildən tətbiq edilir. Bu sistemin əsas məqsədi Azərbaycanın ali təhsilini Avropa standartlarına uyğunlaşdırmaq, tələbə mobilliyini artırmaq və məzunların iş bazarında rəqabət qabiliyyətini yüksəltmək idi. Lakin 18 ildən sonra sistemin effektivliyi hələ də müzakirə mövzusudur. Bolonya sistemi tələbələrin daha sərbəst təhsil almalarını və geniş kredit seçimləri vasitəsilə öz tədris planlarını formalaşdırmalarını nəzərdə tuturdu. Lakin bu sistem Azərbaycanda tam tətbiq edilərkən bir çox struktur problemləri üzə çıxdı. Bolonya sisteminin tətbiqi nəticəsində tələbələrin məzuniyyət göstəricilərində əhəmiyyətli artım müşahidə olunmayıb. Belə ki, 2022-ci ildə ali təhsil müəssisələrinin bakalavriat pilləsini bitirən tələbələrin yalnız 65%-i dərhal iş tapa bilib, bu da məzunların böyük bir hissəsinin ya iş bazarına uyğunlaşa bilmədiyini, ya da ali təhsil sisteminin real ehtiyaclarla uzlaşmadığını göstərir. Magistratura pilləsi üzrə isə daha böyük bir problem var, yəni qəbul olunan tələbələrin yalnız 40%-i proqramlarını müvəffəqiyyətlə başa çatdırır. Bu rəqəmlər Azərbaycanın Bolonya sistemində ciddi problemlər yaşadığını təsdiqləyir”.
Ekspert hesab edir ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ali təhsilin əsas prinsiplərini müəyyən edir. Lakin qanunda göstərilən bəzi mexanizmlər, məsələn, tələbələrin mobilliyi, diplomların beynəlxalq səviyyədə tanınması və iş bazarına uyğun tədris proqramlarının hazırlanması kimi məsələlər tam həyata keçirilmir: “Bundan əlavə, işəgötürənlərin ali təhsil proqramlarının məzmununa təsir göstərə biləcəyi mexanizmlər zəif işləyir. Bu, universitetlərin iş bazarının real tələblərindən uzaqlaşmasına səbəb olur. Rusiyanın 5 illik təhsil sisteminə keçidi ilə müqayisədə, Azərbaycan hələlik ehtiyatlı davranır. Bu keçid Rusiya üçün də çətinliksiz olmayacaq, çünki sistemin uğuru onun tətbiqinə ayrılan resurslardan və strateji planlaşdırmadan asılıdır. Dünya təcrübəsi göstərir ki, təhsil sistemində radikal dəyişikliklər yalnız ölkənin spesifik ehtiyaclarına uyğun olduqda və geniş ictimai dəstək qazandıqda effektiv ola bilər. Almaniya Bolonya sistemini tətbiq edərkən onu öz spesifik ehtiyaclarına uyğunlaşdırdı. Azərbaycanda isə bu uyğunlaşma prosesi çox zəif həyata keçirildi və nəticədə sistem formal xarakter aldı. Universitetlər tələbələrin ixtisaslaşmasına deyil, əsasən nəzəri biliklərin ötürülməsinə fokuslandılar. Azərbaycanda 5 illik təhsil sisteminə keçid mümkün ola bilər, lakin bu, ciddi planlama və genişmiqyaslı islahatlar tələb edir. Əvvəlcə, təhsil proqramlarının yenidən nəzərdən keçirilməsi, yerli və beynəlxalq təcrübənin müqayisəli təhlili aparılmalıdır. 5 illik sistem tələbələrin həm nəzəri, həm də praktiki biliklərini dərinləşdirə bilər. Xüsusilə mühəndislik, tibb və pedaqoji ixtisaslar kimi sahələrdə bu, daha çox effekt verə bilər. Lakin bu keçidin uğurlu olması üçün bir neçə əsas məsələ həll edilməlidir.
İlk öncə deyim ki, təhsil proqramlarının iş bazarına uyğunlaşdırılması vacibdir. Hazırda tələbələr məzun olduqdan sonra iş tapmaqda çətinlik çəkirlər, çünki universitetlərdə tədris olunan biliklər müasir iş bazarının tələblərinə uyğun deyil. Təhsil proqramlarının işəgötürənlərin iştirakı ilə hazırlanması tələbələrin praktik bacarıqlarını artırmağa kömək edə bilər. İkincisi, müəllim heyətinin hazırlığı və tədris metodlarının yenilənməsi zəruridir. Bolonya sistemində müəllimlərdən tələb olunan yeni yanaşmalar Azərbaycanda tam mənimsənilməyib. Əgər 5 illik sistemə keçid baş verərsə, bu, müəllimlər üçün daha böyük çağırışlar yaradacaq. Üçüncüsü, tələbələrin motivasiyasını artırmaq üçün sosial və iqtisadi dəstək mexanizmləri gücləndirilməlidir. Təhsil haqları, təqaüdlər və kredit sistemləri tələbələrin maddi problemlərini həll etmək üçün əsas mexanizmlər olmalıdır. Hazırda bu sahədəki çatışmazlıqlar bir çox tələbənin təhsilini yarımçıq qoymasına səbəb olur. Rusiyanın təcrübəsi və dünyanın digər uğurlu nümunələri Azərbaycanda təhsil sisteminin köklü islahatlarla yenidən qurula biləcəyini göstərir. Lakin bu proses yalnız məqsədli, elmi əsaslandırılmış və resurslarla dəstəklənmiş yanaşma ilə uğurlu ola bilər. Beş illik sistemin tətbiqi Azərbaycanın təhsil tarixində yeni bir səhifə aça bilər, lakin bu, hazırlıq tələb edir. Əks halda, növbəti sistem də özünü doğrultmaya bilər”.
Elmin Nuri: “Bakalavrın ləğvi uğurlu addım deyil”
Təhsil eksperti Elmin Nuri hesab edir ki, bakalavrın ləğvi uğurlu addım deyil: “Rusiyada ali təhsillə bağlı verilən qərar təəccüb doğurur. Çünki dünyanın bir çox ölkəsi ali təhsil müddətinin qısaldılması, müəyyən ixtisaslarla bağlı fərqli təhsil müddətlərinin yaradılmasının tərəfdarıdır. Bir çox universitetlər var ki, müəyyən ixtisaslar üzrə 2-3 illik fəaliyyət göstərirlər. Ümumiyyətlə, təhsil müddəti ixtisasa görə dəyişilməlidir. Məsələn, bizdə fərqi yoxdur, hər bir ixtisasda 4 il oxumalısınız. Sadəcə tibb ixtisası fərqlidir. Digər ixtisas qrupları üzrə də təhsil müddəti fərqli təyin olunmalıdır. Hər ixtisasın özünün məzmun və formasına uyğun olaraq müddəti müəyyənləşdirilməlidir. Məsələn, jurnalistika ixtisası üçün 4 il oxumağa ehtiyac yoxdur, bunu 2 il də edə bilərlər. Amma elə ixtisaslar var ki, onun üçün 4 il də azdır”.
Günel CƏLİLOVA