Nüvə enerjisində yeni bir inkişaf dövrü üçün bazar, texnologiya və siyasət əsaslarının mövcud olduğu, sürətlə artan qlobal elektrik tələbatının ödənilməsində nüvə enerjisinin mühüm rol oynaya biləcəyi bildirilib.
Valyuta.Az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin ("IEA") hesabatında qeyd olunub. Hesabatda həmçinin qlobal nüvə enerjisi sektorunun mövcud vəziyyəti qiymətləndirilib və nüvə enerjisində yeni layihələrin maliyyələşdirilməsi, tikintisi və yanacaq təminatı üçün etibarlı təchizat zəncirinin təmin olunması ilə bağlı təkliflər verilib.
Hesabata əsasən, qlobal elektrik tələbinin güclü artımı ilə əlaqədar olaraq təhlükəsiz və təmiz enerji mənbəyinə ehtiyac, nüvə enerjisi üçün yeni bir dövrün başlanmasına səbəb ola bilər.
Hidroenerjidən sonra dünyanın ikinci ən böyük aşağı emissiyalı elektrik mənbəyi olan nüvə enerjisi hazırda qlobal elektrik təchizatının təxminən 10 faizini təşkil edir.
Bu il dünyada fəaliyyət göstərən təxminən 420 nüvə reaktorunun istehsal etdiyi elektrik enerjisinin bütün zamanların ən yüksək səviyyəsinə çatacağı gözlənilir. Bu artımda Yaponiyada istehsalın bərpası, Fransadakı bəzi elektrik stansiyalarında təmir işlərinin başa çatdırılması, həmçinin Çin, Hindistan, Cənubi Koreya və Avropada yeni reaktorların işə salınması mühüm rol oynayır.
Qlobal nüvə enerjisi xəritəsi dəyişir
Süni intellekt, sənaye, elektrikli nəqliyyat vasitələri və məlumat mərkəzlərinin artan tələbləri, nüvə enerjisi də daxil olmaqla yeni enerji istehsal güclərinin yaradılmasını zəruri edir.
Mövcud nüvə stansiyalarının əksəriyyəti inkişaf etmiş ölkələrdə yerləşsə də, qlobal nüvə enerjisi xəritəsi dəyişir. Hazırda tikilməkdə olan layihələrin böyük hissəsi Çində həyata keçirilir.
2017-ci ildən bəri tikintisinə başlanan 52 nüvə reaktorundan 25-i Çin, 23-ü isə Rusiya dizaynı ilə tikilir.
Kiçik modulyar reaktorlara artan maraq
Hesabata görə, nüvə enerjisi texnologiyalarındakı yeniliklər yeni layihələrin irəliləməsinə kömək edir. Daha kiçik və sürətli tikilə bilən kiçik modulyar reaktorlar ("SMR") həm dövlətlərin, həm də özəl sektorun bu sahəyə marağını artırır.
Doğru dəstəklər təmin edildiyi təqdirdə, "SMR"lərin 2040-cı ilə qədər 80 qiqavat gücə çatacağı və qlobal nüvə enerjisi gücünün 10 faizini təşkil edəcəyi proqnozlaşdırılır. Lakin bu texnologiyanın uğuru, layihə xərclərinin digər təmiz enerji həlləri ilə rəqabətə girə biləcək səviyyədə olmasından asılıdır.
"40-dan çox ölkə nüvə enerjisinin rolunu artırmağı planlaşdırır"
Nüvə enerjisində yeni dövrün həyata keçirilməsi üçün 2030-cu ilə qədər hər il 120 milyard dollar sərmayə tələb olunacağı təxmin edilir ki, bu da hazırkı sərmayələrin iki dəfə artırılması deməkdir.
"IEA"nın rəhbəri Fatih Birol hesabatla bağlı açıqlamasında deyib: "Nüvə enerjisi bu il rekord səviyyədə elektrik istehsal edəcək. 70 qiqavatdan çox yeni nüvə gücü tikilir və 40-dan çox ölkə enerji sistemlərində nüvə enerjisinin rolunu artırmağı planlaşdırır."
Birol həmçinin əlavə edib: "Xüsusilə "SMR"lər həyəcanverici inkişaf potensialı təqdim edir. Lakin hökumətlər və sənaye maliyyə və təchizat zəncirindəki maneələri aşaraq, nüvə enerjisində yeni bir dövrə doğru irəliləməlidir."
Hazırda nüvə enerjisində zənginləşdirmə gücünün əksəriyyəti dörd əsas ölkədə cəmlənib. Rusiya, bu sahədə qlobal payın 40 faizini təşkil edir. "IEA" hesabatında qeyd olunub ki, uran istehsalı və zənginləşdirilməsinin məhdud bazarlarda cəmlənməsi təchizat zəncirləri üçün ciddi risklər yaradır.
Rəhim