AZ

Süni intellektdən dələduzlar daha yüksə nəticə əldə edə bilirlər - Mütəxəssisdən AÇIQLAMA

Süni intellekt insanların və ya heyvanların intellektindən fərqli olaraq maşın və ya proqram təminatının intellektidir. Bu gün isə iş dünyasında ən çox istifadə olunan ifadələr siyahısındadır. Süni intellekt texnologiyası bu gün iş dünyasında başverən rəqəmsal transformasiyanın əsas parçalarından biridir.

Bəs süni intellektin yaratdığı risklər və imkanlar nələrdir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında İT mütəxəssisi  Fərhad Mirəliyev bildirdi ki, süni intellekt ümumilikdə bəşəriyyətin inkişafı naminə hazırlanmış bir texnologiyadır və insanların işinin asanlaşdırılması və yaxud insan əməyi tələb olunan sahələrdə avtomatlaşdırılmanın daha sürətli həyata keçirilməsi kimi məqsədlərlə hazırlanıb.

"Tibb sahəsindən tutmuş, təhsil sahəsinə qədər bütün sahələrdə artıq texnologiyalar faydalı şəkildə istifadə olunur. Xüsusən də insan əməyinin süni zəka ilə əvəzlənməsi məsələsi aktualdır və şirkətlər də başlayıblar işçiləri süni zəka ilə əvəzləsinlər. Ən birinci də hədəfə gələn operatorlar oldu" - deyən ekspertin sözlərinə görə, əvvəllər hansısa bir şirkətə və ya təşkilata yazanda bizə canlı insan cavab verirdisə, artıq süni intellekt o sualları cavablaya bilir:

"Tibb sahəsində, təhsil sahəsində bir çox irəliləyişlər müşahidə olundu".

F.Mirəliyev həmçinin qeyd etdi ki, süni intellekt insanların xeyrinə istifadə olunduğu kimi, ziyanına da istifadə olunur.

"Məsələn kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi və dələduzluq hadisələrinin artması statistikasına baxsaq görərik ki, süni intellekt əsaslı həllərin sahəsində sürətlə artım var. Hücumların təşkil edilməsi, sosial mühəndislik məsələləri ilə bağlı dələduzlar xeyli nəticələr əldə edirlər. Məsələn, əvvəl saxta bir məktub yazılırdı, yönləndirmələr edilirdi, üslubdan, qrammatik xətalardan anlamaq olurdu ki, bunu dələduzlar göndərib. Amma indi süni intellekt çox səlist, qrammatik qaydalara əməl edərək məzmunları hazırladığı üçün bunu ayırd etmək çətin olur. Peşəkar şəkildə hazırlandığı üçün dələduzlar daha yüksə nəticə əldə edə bilirlər. Təhlükəli proqramların hazırlanmasında süni zəkadan aktiv şəkildə istifadə olunur", - deyə mütəxəssis bildirdi.

Bənövşə HƏSƏN

Seçilən
2
2
redaktor.az

3Mənbələr