AZ

XİN rəhbəri: USAİD-in Azərbaycanda fəaliyyət göstərməsinin hüquqi əsası yoxdur

De-yure olaraq 1 iyun 2024-cü il tarixdən etibarən ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycanda fəaliyyət göstərməsinin hüquqi əsası yoxdur.

Milli.Az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.

XİN rəhbərinin sözlərinə görə, 2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycan öz ərazisində 1 günlük antiterror əməliyyatı keçirdi və bununla da tam olaraq beynəlxalq hüquq uyğun formada öz suverenliyini bərpa etdi: "Bundan qısa müddət sonra biz ABŞ-dan, demokratlar administrasiyasından tamamilə əsassız, beynəlxalq hüquqla heç bir əlaqəsi olmayan ölkəmizə qarşı hücumun şahidi olduq. Bəyanatlar, ittihamlar...

Eyni zamanda, Azadlığa Dəstək Aktına edilən 907-ci düzəliş adlı sanksiya sənədinin 20 il ərzində Azərbaycana qarşı olan hissəsi müvəqqəti dayandırılmışdı. Məhz Azərbaycanı cəzalandırmaq üçün 2023-cü ilin payız aylarında həmin o cəza mexanizmi tətbiq olunmağa başladı. Buna səbəb isə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi idi. Biz o zaman bir təftiş apardıq. Baxdıq ki, ABŞ-nin Azərbaycana hansı yardım mexanizmləri var. Son illər ərzində Azərbaycana edilən yardımların ABŞ-ın ölkəmizdə gündəliyinin həyata keçirilməsinə xidmət etdiyini gördük və ABŞ-a bu yardımların dayandırılması ilə bağlı müraciət etdik. Bundan sonra Azərbaycana yüksək səviyyəli rəsmilər tərəfindən müraciətlər oldu və Amerika yardımları israrlı şəkildə davam etmək niyyətində olduğunu deyirdi. Bu zaman biz buna yaxşı dedik. Madam ki, ABŞ Azərbaycana yardımlar etməkdə bu qədər maraqlıdırsa, bu zaman bunun şərtlərini danışaq. Azərbaycan tərəfi bu danışıqları konstruktiv qaydada aparmaqda maraqlı idi. Bu zaman Saziş qüvvədən düşməsin deyə danışıqlar müddətində fevral-iyun aylarında Sazişin müddətini 1 neçə aylıq uzatdıq. Bizə aydın oldu ki, bu yardımlarda bizim legitim maraqlarımız nəzərə alınmır".

Nazir qeyd edib ki, USAİD-in Azərbaycanda təmsilçiliyinin də heç bir əsası yoxdur: "Onların (USAİD) fəaliyyətinin tam olaraq dayandırılmasının vaxtı yetişib".

Milli.Az

Seçilən
4
2
milli.az

3Mənbələr