Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Suraxanı rayon təşkilatı sədrinin müavini Salman Əbdülov qeyd edib ki, Yeni Azərbaycan Partiyası ölkəmizdə ictimai-siyasi sabitliyin, iqtisadi inkişafın təmin olunması, dövlətçiliyin möhkəmləndirilməsi, milli maraqların qorunması, respublikanın beynəlxalq mövqeyinin gücləndirilməsi və digər istiqamətlərdə mühüm işlər görüb və tarixi nailiyyətlərə imza atıb: “Eyni zamanda, ölkədə keçirilən seçkilərə diqqət yetirsək, ümumxalq və qələbələr partiyası olan YAP-ın zəngin seçki təcrübəsinə malik olduğunu qeyd edə bilərik. Şübhə yoxdur ki, partiyamız qarşıdan gələn bələdiyyə seçkilərində də xalqın etimadı əsasında qalib olacaq”.
Bələdiyyə üzvlüyünə namizədlər Natiq Həsənov, Günay Bağırova-Babazədə, Nəsib İsmayılov, Bahar Mehdiyeva, Hökümə Muxtarova və digərləri seçkilər nəticəsində yeni formalaşacaq bələdiyyələrdə təmsil olunacaq YAP üzvlərinin bu sahədə müəyyən olunan hədəflərin gerçəkləşdirilməsi istiqamətində məqsədyönlü fəaliyyət göstərəcəklərini bildirərək seçiciləri partiyanının namizədlərinə səs verməyə çağırıblar.