AZ

Şamil Ayrıma medal təqdim edildi - FOTO

Azərbaycanın Ankaradakı səfirliyində Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrıma “Heydər Əliyevin 100 illiyi” yubiley medalının təqdim edilməsi mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, türkiyəli millət vəkilinə yüksək mükafatı ölkəmizin Ankaradakı səfiri Rəşad Məmmədov təqdim edib.

 

Diplomat bildirib ki, Şamil Ayrım Azərbaycan-Türkiyə əlaqələrinin inkişafındakı xidmətlərinə görə ikinci dəfədir Azərbaycanın yüksək mükafatına layiq görülüb. O xatırladıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Şamil Ayrım 2020-ci ildə “Dostluq” ordeni ilə təltif edilib.

 

Ş.Ayrım göstərdiyi yüksək etimada görə Prezident İlham Əliyevə səmimi təşəkkürünü bildirib.

 

“Ankara və Bakı həm regionda, həm də beynəlxalq arenada sülh və inkişafa töhfə verərək, qarşılıqlı əlaqəni gücləndirirlər. Ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əməkdaşlıq bütün dünya üçün nümunədir”, - deyə Türkiyə Böyük Millət Məclisinin deputatı vurğulayıb.

 

O, 44 günlük Vətən Müharibəsi dövründə iki ölkə arasında nümayiş etdirilən sıx həmrəylik və dəstəyi xatırladıb.

 

Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri diqqəti iki ölkə liderləri arasında sıx dialoq və dostluq münasibətlərinə yönəldib, Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışları zamanı Azərbaycan, Qarabağın azad olunması mövzusunu vurğuladığını xatırladıb.

 

O qeyd edib ki, Azərbaycanla Türkiyə arasındakı qardaşlıq və dostluq Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına əsaslanır.

 

“Heydər Əliyevin 100 illiyi” medalı şəxsən mənim üçün Türkiyə və Azərbaycanın ortaq gələcək arzusunun rəmzidir”, - deyə Ş.Ayrım bildirib.

 

Mərasimdə Türkiyə Böyük Millət Məclisinin deputatları, diplomatlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Şamil Ayrımın fəaliyyəti, Türkiyə-Azərbaycan əlaqələrinin inkişafındakı xidmətlərindən bəhs edən film nümayiş etdirilib.

Seçilən
0
3
modern.az

4Mənbələr