“Roma”nın argentianlı hücumçusu Paulo Dibala dekabr ayının yekunlarına əsasən, İtaliya A Seriyasının ən yaxşı oyunçusu seçilib.
Arena.az bu barədə İtaliya A Seriyasının rəsmi saytına istinadən məlumat verir.
Ötən ay Dibala “Roma”nın heyətində A Seriyasında 5 oyunda iştirak edib və 3 qol vurub. Dibala “Parma” ilə oyunda (5:0) dubla imza atıb, 1 məhsuldar ötürmə verib, “Milan”a isə (1:1) 1 qol vurub.
Paulo Dibala Argentinanın “İnstituto” klubunun yetirməsidir. Avropa karyerasına “Palermo” ilə başlayan Dibala buradan “Yuventus”a keçib. 2022-ci ilin iyulunda isə “Roma” Dibalanı “qoca sinyora”nın düşərgəsindən azad agent qismində heyətinə qatıb.
Cari mövsümdə Dibala “canavarlar”ın heyətində bütün yarışlarda 22 oyuna çıxıb, 5 qol vurub, 2 məhsuldar ötürmə verib.
Paulo Dibalanın qənimətlər muzeyində “Palermo” ilə B Seriyası çempionluğu, “Yuventus”la İtaliya çempionluğu (5 dəfə), İtaliya Kuboku (4 dəfə), İtaliya Super Kuboku (3 dəfə) var.
Paulo Dibala 2015-ci ilin oktyabrında debüt etdiyi Argentina yığmasının heytində 40 oyuna 4 qol vurub, 7 məhsuldar ötürmə verib. Dibala “albiseleste” ilə DÇ-2022-nin və 2021/2022 Çempionların CONMEBOL-UEFA Kubokunun qalibi olub.
“Transfermarkt” internet-portalı 31 yaşlı argentinalı hücumçunun transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.
Sonda onu da xatırladaq ki, Dibala bu mövsüm ilk dəfə A Seriyasında ayın ən yaxşı oyunçusu seçilib. Bütövlükdə isə o, beşinci dəfə bu uğura imza atıb ki, bu da İtaliya çempionatı tarixinin rekordudur. Argentinalı futbolçu 2020-ci ilin iyulunda, 2023-cü ilin noyabrında, 2024-cü ilin fevral və aprel aylarında da ən yaxşı elan edilmişdi.
Bu mövsüm A Seriyasında ayın ən yaxşısı seçilmiş futbolçuların siyahısı belədir:
Avqust 2024 – Markus Türam (“İnter”)
Sentyabr 2024 – Xviça Kvaratsxeliya (“Napoli”)
Oktyabr 2024 – Mateo Reteqi (“Atalanta”)
Noyabr 2024 – Moyze Kin (“Fiorentina”)