AZ

Sonda peşman kim olacaq?

Zəngəzur dəhlizinin açılmasını əngəlləyən Ermənistan hər il milyonlar itirir

Artıq dörd ildən çoxdur ki, Zəngəzur dəhlizi ətrafında müzakirələr aparılır. Ancaq ortada müsbət nəticə yoxdur. Deməli, məsələnin bu qədər müzakirə olunması prosesin irəliləməsinə heç bir təsir etməyib. Bəs bunun günahı kimdədir?

Zəngəruz dəhlizinin açılması Azərbaycan üçün olduqca vacibdir. İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra aparılan danışıqlarda bu məsələ daim gündəmdə saxlanılıb. Ermənistan keçən dörd ildə yalnız müxtəlif bəhanələrlə imitasiya edib. Ovaxtdan indiyədək Azərbaycanın tələbi odur ki, Ermənistan öz imzasına hörmət etsin. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndində qeyd edilib ki, Ermənistan Azərbaycanın qərb rayonları ilə onun böyük bir hissəsi, yəni Naxçıvana təhlükəsiz gediş-gəlişi təmin etməlidir. Təəssüf ki, erməni tərəfi hələ də öz üzərinə götürdüyü bu öhdəliyi müxtəlif bəhanələrlə yerinə yetirməyib.

Azərbaycan müzakirələrin lap əvvəlindən dinc danışıqlar yolu ilə Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu bəyan edib. Ölkə başçısının bu günlərdə yerli televiziya kanallarına son müsahibəsində də bir daha açıq şəkildə bəyan edildi ki, Zəngəzur dəhlizi açılmalıdır və açılacaq. Bu Azərbaycan dövlətinin rəsmi mövqeyidir. Əslində, dəhlizin açılması Azərbaycanla yanaşı, Ermənistan üçün də faydalıdır. İrəvan bu mühüm logistika xəttindən iqtisadi cəhətdən faydalana bilər. Çünki hər il dünyanın bir çox böyük ölkələri öz yüklərini  bu yolla Asiyadan Avropaya  daşıyacaqlar. Ermənistan kimi kasıb bir ölkə heç bir sərmayə qoymadan yüklərin daşınmasından tranzit haqqı olaraq külli miqdarda pul qazana bilər. Ona görə də erməni tərəfi bu məsələ ilə bağlı müsbət qərar qəbul etməlidir.  Əgər ağılsızcasına buna yenə də əngəl yaratmağa çalışarsa prosesin uzanması Ermənistan üçün heç də yaxşı nəticələnməyəcək. Məğlub tərəfin özünü bu qədər qaba və davakar aparması ona yaxşı heç nə qazandırmaz. Əslində, Azərbaycan Prezidentinin son mövqeyi Ermənistana edilən növbəti xəbərdarlıq idi.

Cənubi Qafqazda bir çox yerlər tarixi Azərbaycan torpaqları olsa da, rəsmi Bakı digər ölkələrə ərazi iddiası irəli sürmür. Bu mənada Azərbaycanın başqa bir ölkəyə, o cümlədən də Ermənistana hərbi müdaxilə etmək, işğal niyyəti olmayıb və yoxdur. Hətta Qərbi azərbaycanlıların Ermənistana, yəni tarixən yaşadıqları ərazilərə qayıdışı da ərazi iddiası kimi qaldırılmayıb. Bu ilk növbədə həmin insanların maddi və mənəvi-siyasi haqqı kimi dəyərləndirilir. Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışı fundamental insan hüquqları ilə bağlıdır.

Zəngəzur dəhlizinin açılması heç də Azərbaycanın həmin bölgəni nəzarətə alması demək deyil. Bu faktı bilməyən yoxdur ki, yüz illər boyu Azərbaycanın bir parçası olan Naxçıvanı ana Vətəndən ayıran Sovet dövləti zorakılıqla oraya xarici ölkələrdən köçürüb gətirdiyi sərgərdan  erməniləri yerləşdirib. Rus imperiyası bunu ermənilərə sevgisindən deyil, Türkiyə ilə öz arasında bufer dövlət yaratmaq niyyəti ilə gəlib. Yəni, Ermənistanın bütün ərazisi Azərbaycanın tarixi torpaqlarıdır. Həyasız ermənilər isə bunu bilə-bilə  o qədər qudurublar ki, bizimlə öz torpağımızla alver etməkdən də ytanmırlar. 1992-1993-cü illərdə əhalisini qırıb işğal etdikləri dörd kəndimizi hələ də geri qaytarmaq istəmirlər. Zəngəzur dəhlizi də onun kimi. Əslində Zəngəzur dəhlizinin açılmasına  Ermənistanın dirəniş göstərməsi onun öz planı və cəsarəti deyil. Bu, ona dil verən Fransanın, İranın və digər bədxahlarımızın məkrli planlarıdır. Vaxtilə İranın molla rejimi Zəngəzur dəhlizinin açılmaması üçün Ermənistana fitva verir, başqasının ərazisini özünün “qırmızı xətti” adlandırırdı.

Otuz iki il davam edən Qarabağ münaqişəsi sonda Azərbaycanın möhtəşəm Qələbəsi ilə qurtardı. Az sonra Azərbaycan tərəfi öz üzərinə götürdüyü yol-infrastruktur işlərini görüb başa çatdırsa da Ermənistan heç bir hazırlıq işi görmədi. Həm Azərbaycanı, həm də beynəlxalq ictimaiyyəti aldadaraq dəhlizin açılmamasının səbəbini ölkəmizin üzərinə yıxmağa cəhdlər etdi. Ancaq dünyada bu saxta dövlətin saxta işlərlə məşğul olduğunu bilməyən yoxdur. Cırtdan, qurama dövlət kimi Ermənistan öz hərbi məğlubiyyətindən gərək lazımi nəticə çıxaraydı. Yəni, “Eşşək palçığa bir dəfə batar”. Əgər Ermənistan ətrafında fırlananların qan iyi gələn fikirlərinə uyub növbəti dəfə hərbi əməliyyatlara başlayarsa qondarma qurum amansız döyüş meydanına çevriləcək və ayaqlar altında itib-batacaq. O halda yenə də hayların özləri peşman olacaqlar. Allah peşman eləsin!

Vəli İlyasov, “İki sahil”

Seçilən
18
ikisahil.az

1Mənbələr