İngiltərənin “Aston Villa” klubunun sol vingeri Ceyden Filocin bundan sonra “İpsviç Taun”un uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İpsviç klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Premyer Liqa təmsilçiləri arasındakı transfer 23,7 milyon avroya başa gəlib. Filocin yeni klubu ilə 2029-cu ilin 30 iyununa qədər anlaşıb.
Ceyden Filocin “Aston Villa”nın öz yetirməsidir. O, vaxtilə “Stok Siti” və “Kardiff Siti”də icarədə oynadıqdan sonra tamhüquqlu əsasda 2023-cü ildə “Hall Siti”yə keçib. Amma cari mövsümün əvvəlində “Aston Villa” bir il əvvəl 5,8 milyona satdığı yetirməsini 16 milyon avroya transfer etməklə yenidən heyətinə qaytarıb.
Filocin cari mövsümdə 15 oyuna çıxsa da, fərqlənə bilməyib. Ceydenin “Aston Villa” karyerası bütövlükdə 21 oyun və 1 assistdən ibarətdir.
Ceyden İngiltərənin U-19, U-20 və U-21 yığmalarında oynasa da, əsas milliyə dəvət almayıb.
“Transfermarkt” internet-portalı 22 yaşlı vingerin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.