10 ayda Azərbaycana 50 min tona yaxın palma yağı idxal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 57 milyon 960 min ABŞ dolları dəyərində 48 min 947.6 ton "xam palma yağı və onun fraksiyaları" idxal edilib.
MÖVZU İLƏ BAĞLI:
Satışdakı keyfiyyətsiz yağlar HANSILARDIR? – MÜHÜM AÇIQLAMA
Bəs, xam palma yağı nədir, o hansı sahələrdə istifadə olunur?
Suala Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, palma yağlarından daha çox dünyanın az inkişaf etmiş ölkələrində geniş istifadə olunur:
“Bunun da tək səbəbi palma yağının ucuz başa gəlməsidir. Ucuz olduğu üçün də kasıb ölkələrdə bu yağlara tələbat çox olur. Amma palma yağının da aşağı və yüksək keyfiyyətlisi olur.
Biri var palmanın toxumlarından alınan yağ, biri də var onun lətindən alınan yağ. Palmanın lətindən alınan yağ yüksək keyfiyyətli və dəyərli yağ hesab olunur. Bu yağlar 8-10 dollara başa gəlir. Onu Avropada heç 10 dollara da ala bilməzsiniz.
Amma Azərbaycana idxal olunan palma yağının qiymətindən bəlli olur ki, bu palmanın toxumlarından alınan texniki yağdır. Bu yağ Avropada və bütün dünyada texniki yağ hesab olunur. Daha çox sabun istehsalında istifadə edilir. Palmanın toxumlarından alınan yağ əvəllər gəmiçilikdə kanatların yağlanmasında istifadə edilib. Bunun qida məhsuluna heç bir aidiyyatı yoxdur. Bu yağların kiloqramı bir dollara başa gəlir”.
Müsahibimiz bu yağların insan orqanizmi üçün təhlükəli olduğunu qeyd edib:
“Ümumdünya Səhiyyə Təşkilatının bununla bağlı hesabatı var. Həmin hesabatda göstərilir ki, bu yağlar ürəkdə işemik xəstəliyin və orqanizmidə iri molekullara malik olan xolesterinin yaranmasına səbəb olur. Bu xolesterinin molekulları böyükdür və insan orqanizmindəki bağırsaqların süzgəclərini sıradan çıxardır. Süzgəc sıradan çıxandan sonra böyük malekullar birbaşa qana keçir, hüceyrələrə qədər daşınır. Bu da piylənməyə gətirib çıxarır. Piylənmədən də hansı xəstəliklər yarandığını hər kəs bilir.
Ona görə də palma yağları inkişaf etmiş ölkələrdə texniki yağ kimi istifadə olunur. Təəssüf ki, 2024-cü ildə ölkəmizə 60 min tona yaxın palma yağı gətirilib. Bu yağlarsa daxili bazarda duru yağ adı ilə satılır. Bu yağlardan kərə yağlarının hazırlanmasında da istifadə edilir”.
Palma yağından kosmetik məqsədlər üçün istifadə olunur
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova palma yağından hazırlanan qidaların rəf ömrü uzun olduğu üçün ondan geniş şəkildə istifadə olunduğunu deyib:
“Belə yağları və məhsulları istifadə etsək də, insan orqanizmində qəbul olunmur, damarlarda və bəzi hüceyrələrdə toplanaraq uzun müddət qala bilir. Müəyyən müddət sonra onkoloji xəstəliklərin, eləcə də ürək-damar və şəkər-diabet xəstəliklərinin və piylənmənin yaranmasına səbəb olur.
Bu yağlardan kosmetik vasitələrinin istehsalında da geniş istifadə olunur. Bu da insan dərisi üçün çox zərərlidir. Bu yağların tərkibindəki doymuş yağlar kifayət qədərdir və bu insan orqanizmində sərbəst radikalları daha da artırır, yəni həm daxili orqanlarda, həm də dəridə xərçəng xəstəliyinin yaranmasında böyük rol oynayır”.
Hansı qidaların hazırlanmasında palma yağından istifadə olunur?
Müsahibimiz onu da qeyd edib ki, istehlakçılarımız alış-veriş edərkən tərkibində palma yağı olan məhsulları almamağa diqqət yetirməlidirlər:
“Əsasən də, şokalad, peçenye, vafli, bəzi konfet növlərində, bir çox un məmulatlarında, paketlənmiş şirniyyatların hər birinin tərkibində bu yağlardan var və sözügedən məhsulları gündəlik rasiondan çıxarmağa çalışsınlar. Xüsusilə də azyaşlı uşaqlar və inkişaf prosesində olan yeniyetmələr, gənclər bu məhsullardan uzaq olsunlar. Lakin təəssüflər olsun ki, istehsal zamanı bu yağlardan istifadə olunmayan məhsulların sayı kifayət qədər azdır”.
Surxay Atakişiyev, Bizim.Media