Fərid Həşimov: “Yerli istehsal daxili təlabatı təmin etmək gücündə deyil, bununla yanaşı, həmin avtomobillərin taksi fəaliyyətinə uyğun olub-olmadığı da önəmlidir”
Taksi sürücüləri arasında maraqlı müzakirə yayılıb. Onların bir çoxu yaxın vaxtlarda taksi şirkətlərinin əksəriyyətinin tamamilə yerli istehsal avtomobillərə keçəcəyini iddia edir. Sürücülərin fikrincə, hazırda istifadə edilən hibrid və elektromobil nəqliyyat vasitələri yavaş-yavaş yerli yığım maşınlarla əvəz olunacaq.
Qeyd edək ki, ötən ilin iyulunda Nazirlər Kabinetinin taksi fəaliyyəti ilə bağlı verdiyi bir sıra qərarlardan sonra buraxılış ili köhnə olan və taksidə istifadə edilən nəqliyyat vasitələri dövriyyədən çıxarılıb. Əvvəllər taksi fəaliyyəti göstərən şəxslərin bir çoxu maşınların artıq “yararsız” hesab olunması ucbatından işini itirib.
Son illər fərdi nəqliyyat vasitələrində olduğu kimi, taksi və ictimai nəqliyyatda da ekoloji təmiz maşınlardan istifadə praktikası tətbiq olunur. Bu baxımdan, yaxın gələcəkdə taksi sektorunda yerli istehsal olan və yanacaq mühərrikli avtomobilləri yeni nəsil elektromobillərin əvəzləməsi real görünmür.
“Belə bir məlumat yayılıb ki, yerli istehsal maşınlar taksi kimi fəaliyyət göstərə bilər, ancaq bu, hazırki şəraitdə inandırıcı görünmür”
Nəqliyyat eksperti Fərid Həşimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ölkəmizdə avtomobillər istehsal edilmir, sadəcə yığılır: "Bizdə avtomobillərin yığılması həyata keçirilir. Məlumdur ki, ötən il taksilərin istifadəsi ilə bağlı qaydalar dəyişdi. Köhnə maşınlar taksi kimi fəaliyyət göstərə bilməz. Bu qaydanın tətbiqindən sonra ölkədə taksi sayı azalıb. Hazırda belə bir məlumat yayılıb ki, yerli istehsal maşınlar taksi kimi fəaliyyət göstərə bilər. Ancaq bu, hazırki şəraitdə inandırıcı görünmür. Çünki yerli istehsal daxili tələbatı təmin etmək gücündə deyil. Bununla yanaşı, həmin avtomobillərin taksi fəaliyyətinə uyğun olub-olmadığı da önəmlidir. Burada tətbiq olunacaq islahatlar özü ilə bərabər taksi sahəsində bəzi yeniliklərə də səbəb ola bilər. Hazırda yerli istehsal olan kifayət qədər avtomobil yoxdur. Bu səbəbdən yalnız yerli istehsal maşınların taksidə istifadə olunacağını düşünmürəm”.
Günel CƏLİLOVA