AZ

Sığortaçılar "novostroyka" sakinlərinə qarşı təzə dələduzluğa başlayıblar- "onlara inanmayın"...

Image

Niyazi Əliyev: “Bugünə qədər heç kəs əmlakını sığorta etdirmədiyinə görə cərimələnməyib, çünki…

Daşınmaz əmlakın icbari sığortası ilə bağlı vətəndaşlara xəbərdarlıq edilməyə başlanılıb. Bu məqsədlə sığorta şirkətlərindən mənzillərə bildirişlər göndərilir. Bildirilir ki, evini sığorta etdirməyən vətəndaşlar   cərimələnəcək. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bu cür bildirişlər təkcə fərdi çıxarışlı mənzillərə gəlmir, həm də çoxmərtəbəli binalardakı mənzillərə gəlir. 

Qeyd edək ki, bir neçə il əvvəl də bu məsələ gündəmə gəldi. Aidiyyəti qurumlar və aidiyyəti şəxslər məlum hadisənin qanunsuz olduğunu demişdilər. Ancaq buna baxmayaraq, bəzi şəxslər yaranmış ajiotajdan qorxduğu üçün evlərini sığorta etdirdi. Ekspertlər hesab edir ki, bu cür söz-söhbətin yaranmasına səbəb sığorta şirkətləridir. Onlar bilərəkdən mənzillərə bu cür bildiriş göndərir. 

Məlumat üçün bildirək ki, "İcbari sığortalar haqqında" qanunun tələblərinə əsasən, 2012-ci ilin yanvar ayının 1-dən etibarən Azərbaycanda daşınmaz əmlakın icbari sığortasına başlanılıb. Daşınmaz əmlaka görə bir illik icbari sığorta haqqı Bakı şəhərində 50 manat, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində 40 manat, digər yaşayış məntəqələri və bölgələrdə isə 30 manatdır. Sığorta hadisəsi baş verdikdən sonra sığorta şirkəti əmlak sahibinə Bakı şəhərində maksimim 25 min manat, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində maksimim 20 min manat, digər yaşayış məntəqələri və bölgələrdə isə maksimim 15 min manat ödəyir.

Xatırladaq ki, icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslərə 30, vəzifəli şəxslərə 80, hüquqi şəxslərə isə 200 manat cərimə nəzərdə tutulub. Cərimə nəzərdə tutulsa da, icra olunmur, çünki mexanizm mövcud deyil. 

“Mənzilin icbari sığortasına görə qanunvericilikdə cərimə mexanizmi nəzərdə tutulsa da, cərimənin icrası ilə bağlı protokolun forması yoxdur”

Mövzu ilə bağlı fikir bildirən sığorta eksperti Niyazi Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, mənzillərin icbari sığortası ilə bağlı xəbərdarlıqlar rəsmi deyil: "Mənzilin icbari sığortasına görə qanunvericilikdə cərimə mexanizmi nəzərdə tutulsa da, cərimənin icrası ilə bağlı protokolun forması yoxdur. Ona görə də, əmlakını sığortalamayanların cərimələnməsi barədə bildirişlərin əsası yoxdur.  Onu da deyim ki,  yeni tikililərin bir qismində əmlakın hüququnu təsdiq edən sənəd yoxdur. MTK-ların payla bağlı payçılar arasında müqaviləsi isə əmlaka olan hüququ təsdiqləmir. Əgər əmlaka olan hüququ təsdiq edən sənəd yoxdursa, belə tipli sığorta müqavilələri imzalandığı andan sığorta marağı olmadığından etibarsız hesab edilir. Bugünə qədər heç kəs əmlakını sığorta etdirmədiyinə görə cərimələnməyib. Çünki bunun icra mexanizmi yoxdur. Bu məsələnin yada düşməsində yeni qazanc mənbəyi əldə etməyə çalışan sığorta şirkətlərinin xidmətləri yüksəkdir. 

Məlumat üçün deyim ki, mənzillərin icbari sığortası mülkiyyətçinin öz zərərini minimuma endirmək üçün atılan addımdır. Buna məcbur edilməsi mülkiyyətçinin seçim hüququnu pozmaqdır".

Günel CƏLİLOVA





Seçilən
2
baki-xeber.com

1Mənbələr