AZ

Əriyən buzlar 6 min illik meşə qalıqlarını ortaya çıxarıb - TƏDQİQAT

Bakı, 17 yanvar, AZƏRTAC

ABŞ-ın Vayominq ştatında aparılan tədqiqatlar zamanı əriyən buzlar nəticəsində 6 min il əvvələ aid ağ qabıqlı şam ağaclarının (Pinus albicaulis) qalıqları üzə çıxıb. Dəniz səviyyəsindən təxminən 3100 metr yüksəklikdə tapılan bu ağaclar, müasir iqlimlə müqayisədə daha isti bir dövrə işarə edir.

AZƏRTAC “The Independent” nəşrinə istinadla xəbər verir ki, tədqiqatçılar ağac qalıqlarını 5950 il əvvələ aid olduğunu müəyyən ediblər. Həmin dövrdə yay aylarında (maydan oktyabra qədər) orta temperaturun 6,2°C olduğu təxmin edilir ki, bu da 20-ci əsrin ortalarından sonlarına qədər olan temperatur səviyyələri ilə müqayisə edilə bilər.

Alimlər bu dövrdən sonra Şimal yarımkürəsində vulkanik fəaliyyətin temperaturun azalmasına və ağacların yüksəkliklərdə yetişmə imkanlarının məhdudlaşmasına səbəb olduğunu bildirirlər. Vulkan püskürmələri zamanı atmosferə yayılan hissəciklər günəş işığını bloklayaraq qlobal soyuma effekti yaradıb. Tapıntılar göstərir ki, ağaclar buz təbəqəsi altında min illər boyu qalıb. Bu qoruma buz təbəqəsinin sabit qalması və hərəkətdən təsirlənməməsi ilə əlaqələndirilir. Montana Dövlət Universitetinin tədqiqatçısı Keti Uitlok buzların əriməsi ilə üzə çıxan bu tapıntıların iqlim dəyişikliyinin təsirlərinə dair əhəmiyyətli sübutlar verdiyini bildirir: “Bu kəşf alp ekosistemlərinin iqlim dəyişikliyinə qarşı nə qədər həssas olduğunu göstərir və insan fəaliyyəti ilə əlaqəli iqlim dəyişikliyinin təsirlərini vurğulayır”. Arizona Universitetindən tədqiqatçı Kevin Ançukaytis isə bu tapıntıların yalnız meşələr haqqında deyil, həm də həmin dövrün iqlim şəraiti haqqında qiymətli məlumat verdiyini vurğulayıb.

Qaya dağlarında daha əvvəl də 10 min il əvvələ aid ov alətləri aşkar edilmişdi. Yeni tapıntılar bu ərazinin arxeoloji və paleoklimatoloji tədqiqatlar üçün əhəmiyyətini bir daha sübut edir. Alimlər əriyən buz təbəqələrinin gələcəkdə planetin keçmiş iqlimi haqqında daha geniş perspektiv təmin edəcəyini düşünürlər.

 

Seçilən
2
azertag.az

1Mənbələr