Azərbaycan və Ermənistanın sərhədin delimitasiyası üzrə komissiyalarının 16 yanvarda keçirilən 11-ci görüşündə razılıq əldə edib: delimitasiya üzrə kompleks işləri şimal istiqamətindən – Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin qovuşma nöqtəsindən cənub istiqamətinə - Azərbaycan, Ermənistan və İran sərhədinə qədər aparılacaq;
Bu, Bakı-İrəvan xəttində əhəmiyyətli razılaşmadır, hərçənd, açıq qalan məqamlar var:
1. Sərhədin hansı prinsiplə delimitasiya ediləcəyi hələ də tam müəyyən edilməyib: İrəvanın Alma-Ata Bəyannaməsinə (SSRİ dağılanda mövcud xətlər üzrə) istinad edilməsi istəyi Bakının maraqlarına uyğun deyil;
2. Tərəflərin sülh sazişində razılaşmadan tədricən uzaqlaşdığı (xüsusilə Əliyev və Paşinyanın son bəyanatları diqqət çəkir) müşahidə edildiyi vaxt, sərhəd razılaşmasının əldə edilməsi maraqlıdır;
İstisna deyil ki, Bakı və İrəvan delimitasiya məsələsinə yanaşmasını dəyişməyib. Ortaq mövqe delimitasiyanın hissə-hissə aparılması prinsipindədir, əldə olunan razılaşma da bu fikri önə çıxarır, lakin hər iki tərəfin prosesi öz marağına uyğun idarə etmək cəhdləri də görünür.
Ermənistan bu razılaşma ilə şimaldan cənuba qədər uzanan bütöv sərhədin delimitasiyasında Qazax-Tavuş istiqamətinin müəyyən edilməsində tətbiq edilən prinsipin (Alma-Ata Bəyannaməsinə istinad) əsas götürülməsinə çalışır: bununla SSRİ dövründə ermənilərə bağışlanan ərazilər üzərində legitimlik qazanmağa, eləcə də Azərbaycan ordusunun strateji yüksəkliklərdən geri çəkilməsinə nail ola biləcəklərinə ümid edirlər (cari dövr üçün əsas istəkləri 2022-ci ilin sentyabr döyüşlərində ordumuzun İstisu (Cermuk) istiqamətində nəzarətə götürdüyü yüksəkliklərdən çəkilməsidir); razılaşmada delimitasiya prinsipi əksini tapmadığı üçün Alma-Ata Bəyannaməsinə istinadən edilən 19 aprel 2024-cü il sənədi aktual olaraq qalır;
Azərbaycanın hədəfi və planı nədir, bu razılaşma nəyə hesablanıb?
Bakı delimitasiya prinsiplərini sülh sazişində dəyişdirmək və 19 aprel razılaşmasını korrekt etmək imkanını özündə saxlayır. Lakin 16 yanvar razılaşması səbəbsiz görünmür. Və razılaşmada ən mühüm detal “şimaldan cənuba” prinsipidir: proses Gürcüstanla sərhəd qovşağından İranla sərhəd qovşağına doğru həyata keçirilməlidir;