Bakı Apellyasiya Məhkəməsində lisenziyası ləğv edilmiş “Muğanbank”ın vəzifəli şəxsi İdris Məmmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədovun törətdiyi əməllərlə bağlı cinayət məsuliyyətinə cəlbetmə vaxtı keçdiyinə görə ona mənimsəmə faktları üzrə cəza təyin edilməyib. O, 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin cəzası 1 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib. 13 ay həbsdə saxlanılan bankir məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd: “Muğanbank”ın “Paytaxt” və “Universal” filiallarının müdiri, eləcə də bir sıra digər yüksək vəzifələr tutmuş İ.Məmmədov Cinayət Məcəlləsinin 179.3.2, 308 və 313-cü (Külli miqdarda mənimsəmə, vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib.
Bildirilib ki, İ.Məmmədov 2007-2023-cü illərdə bankda yüksək vəzifələrdə çalışıb. Ötən ilin iyun ayında o işdən çıxarılıb və barəsində hüquq-mühafizə orqanlarına şikayət edilib. Məlum olub ki, İdris Məmmədov sənədlərin saxtalaşdırılması və digər yollarla banka məxsus yüzminlərlə pul vəsaitini mənimsəyərək ələ keçirib.
O, 4 iyul 2023-cü il tarixdə həbs edilib.
Kamal Məmmədov