Azərbaycan xalqının milli mənəvi sərvətləri öz koloritinə, çoxşaxəliliyinə, adət-ənənələrinin qədimliyinə, sənətkarlıq nümunələrinin ecazkarlığına, abidələrinin heç bir Şərq xalqına bənzəməyən, özünəməxsus memarlıq üslubuna, heyranedici rəngkarlığına, musiqi istedadının çoxcəhətliliyinə, qeyri-adiliyinə görə seçilmişdir. Söz xiridarlarının hər kəlməsində, fırçasından çıxan tablolara varlığını tökən rəssamın hər cizgisində, tanrı ilə ruhsal bağının ifadəsini izhar edən bəstəkarın, ifaçının hər notunda, səsi ilə dinləyənlərini məftun edən xanəndənin hər avazında, toxucunun xalçalara vurduğu hər naxışda etnik mənsubiyyət kodlarımızı daşıyan, Azərbaycançılığı müfəssəl çalarlarla vəsf edə bilən sənət sahiblərimiz vardır. Bəs bu sənətləri yaşadanları gənc nəslimiz kifayət qədər tanıyırmı? Ənənələrimizi gələcək nəsillərə hansı yollarla ötürürük?
Bu istiqamətdə Mədəniyyət Nazirliyinin tapşırıqlarını rəhbər tutaraq, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) öz fəaliyyətini durmadan genişləndirir. Uşaq və gənclərin mədəni maariflənməsinə, elmi-kütləvi sahələrin inkişafına, təhsil proqramlarının yenilənməsinə həmçinin müxtəlif ixtisaslı kadrların potensialının artırılmasına yönələn layihələr buna nümunə ola bilər. Belə ki, ötən ilin ikinci yarımilində “Aktyorluğu öyrən”, "Nağılların audiovizual təqdimatı", “Mədəniyyətimiz naxışların izi ilə” sərgisi, “Nəsildən-nəslə teatr”, “Sənətkarın dostu”, “Peşəkar teatr dərsləri”, “Tablolarda nağıllar” və digər silsilə layihələr baş tutub.
Azyaşlı, yeniyetmə və gənclərin teatr, kino sənətinə marağını artırmaqla onlarda bədii istedadın və zövqün formalaşdırılması, həmçinin yuxarıda adıçəkilən sahələrin ibtidai əsaslarının tədris edilməsi məqsədi ilə MEMİM və Azərbaycan İncəsənət Məktəbi “Aktyorluğu öyrən” layihəsinə start vermişdir. Mərkəzin tərtib etdiyi proqram əsasında təşkil olunan tədris prosesi doqquz aylıq proqram çərçivəsində peşəkar pedaqoqlar tərəfindən həftədə iki dəfə iki dərs saatı olmaqla keçirilir. Proqrama tələbələrin peşəkar teatr və kino prosesində təcrübə toplaması, həmçinin tanınmış sənətçilər tərəfindən ustad dərsləri daxildir.
Qeyd edək ki, “Aktyorluğu öyrən” layihəsinin əsas məqsədi uşaq və yeniyetmələr arasında peşəkar teatrın təbliği, müstəqil sənət təhsili sektorunun peşəkarlaşdırılması, bu istiqamətdə yeni və konseptual innovasiyaların effektiv tətbiqidir.
Onu da vurğulayaq ki, təkcə paytaxtda yaşayan sakinlərimiz üçün deyil, bölgələrimizi də əhatə edəcək maarifləndirici bir layihənin həyata keçirilməsinə ehtiyac duyulurdu. Belə ki, region teatrlarında da teatr sənətinin əsaslarının tədrisi, yaradıcı, nəzəri-praktiki təcrübə mübadiləsi ilə peşəkarlıq səviyyəsinin artırılması və fəal yaradıcı mühitin formalaşdırılmasına nail olmaq qarşıya qoyulan başlıca vəzifələrdəndir.
Bu ideyaya sadiq qalaraq, ötən ilin oktyabr ayından regionlarda “Peşəkar teatr dərsləri” layihəsinə başlanılıb. İlk ustad dərsləri 3–11 oktyabr tarixlərində Qusar Dövlət Ləzgi Dram Teatrında baş tutmuşdur. Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanov və teatrşünas Dağlar Yusif tərəfindən keçirilən təlimdə iştirakçılara təcrübə mübadiləsi, ixtisasartırma və aktyorluq potensialını inkişaf etdirmək imkanları yaradılıb. Peşəkar teatr dərslərində aktyorların tamaşaçı ilə ünsiyyəti, rejissorla işləmək bacarığı, səhnə sərbəstliyi və texnikası, həmçinin pyesin mənimsənilmə qabiliyyəti, səhnə ritmika və plastikası, nitq mədəniyyəti kimi keyfiyyətləri təkmilləşdirilib. Sözügedən layihə 2–13 dekabr tarixlərində Lənkəran Dövlət Dram Teatrında da keçirilib. İnanırıq ki, layihə region teatrlarında fəal yaradıcı mühitin formalaşdırılmasında öz müsbət nəticələrini göstərəcək.
MEMİM uşaqlarımızı da diqqətdən kənarda qoymadan, onların dünyagörüşünü, düşüncə tərzi, xəyal dünyasını zənginləşdirmək, o cümlədən, ədəbiyyata və teatra sevgi aşılamaq məqsədi ilə Azərbaycan Dövlət Kukla Teatrının dəstəyi ilə "Nağılların audiovizual təqdimatı" layihəsini ərsəyə gətirib. Kukla Teatrının səhnələşdirdiyi tamaşalardan kadrların yer aldığı, obrazlı səsləndirmə və gözoxşayan tərtibatda hazırlanan layihənin ilk buraxılışı Xanımana Əlibəylinin “Dovşanın ad günü” nağıl-poeması olub. Sadə məzmundan, maraqlı süjet xəttindən ibarət əsərdə hadisələr axıcı dillə təsvir edilir. İlk buraxılışı yay aylarında təqdim olunan layihənin ikinci hissəsi dekabrın 28-də balaca izləyicilərimizin ixtiyarına verilib. Bu dəfə məşhur Azərbaycan xalq nağılı olan “Məlikməmməd” videoyazıya alınıb. Qeyd edək ki, nağılların gələcək nəsillərə ötürülməsi, dilimizin inkişafı və qorunması, həmçinin uşaqlarda ədəbiyyata, teatra qarşı marağın yaradılması kimi xüsusi əhəmiyyətə malik layihə çərçivəsində bir sıra qədim və müasir nağılların videotəqdimatlarının hazırlanması nəzərdə tutulmuşdur.
Məlumdur ki, ölkəmizin mədəni-sosial həyatının ayrılmaz hissəsini ənənəvi olaraq ev sahibliyi etdiyimiz beynəlxalq festivallar təşkil edir. Onlardan biri də dahi bəstəkarımız Üzeyir Hacıbəylinin doğum günü ilə simvolizə edilən, 2009-cu ildən etibarən hər il davamlı olaraq Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalıdır. 2024-cü ildə sayca XVI olan, açılış mərasimi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutan həmin festival 18-28 sentyabr tarixlərində keçirilmişdir. Festivalın açılış konsertindən öncə MEMİM-in təşkilatçılığı və “Foto Xalça” MMC-nin tərəfdaşlığı ilə “Milli Musiqi Günü”nə həsr olunmuş “Mədəniyyətimiz naxışların izi ilə” adlı sərgi izləyicilərə təqdim olunub. Mədəniyyət Nazirliyinin rəsmiləri, tanınmış mədəniyyət xadimləri, musiqi ictimaiyyətinin nümayəndələri sərgi ilə yaxından tanış olaraq xoş təəssüratlarını bölüşüblər. Tədbir mədəniyyətimizin təşviqi, mədəni irsimiz olan naxışların gənc nəsillərə ötürülməsi və təbliğinə bir töhfədir. On gün davam edən sərgidə Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Fikrət Əmirov, Qara Qarayev kimi görkəmli Azərbaycan bəstəkarlarının portretlərinin əks olunduğu, müasir texnologiyalar vasitəsi ilə hazırlanmış, milli musiqi alətlərinin, qədim Şuşa qalası və digər regionlarımızın özünəməxsus ilmələri ilə işlənən xalçalar və kəlağayılar, eləcə də milli naxışlı çantalar, rəsm əsərləri və digər əl işləri nümayiş olunub.
MEMİM-in təşəbbüsü ilə ərsəyə gələn daha bir davamlı layihə “Nəsildən-nəslə teatr” adlanır. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi nəsillər arasında fikir və təcrübə platforması yaratmaqla Azərbaycanda teatr sənətinin inkişafına töhfə vermək, bu sahəyə müasir beynəlxalq tendensiyaların tətbiqi, teatra marağın artırılması, gənclərin cəlb edilməsi və aktiv yaradıcı mühitin formalaşdırılmasıdır. Layihə çərçivəsində ötən mövsüm artıq üç seminar – Bəxtiyar Xanızadə, Nurəddin Mehdixanlı və İlqar Fəhmi ilə həyata keçirilib. 26 sentyabr 2024-cü il tarixində Xalq artisti Nurəddin Mehdixanlı ilə baş tutan tematik seminarın növbəti paneli “Aktyorluq: təbiət və paradoks” mövzusunda olub. Teatrşünas Dağlar Yusifin moderatoru olduğu paneldə tanınmış sənətkarımız gənclərlə aktyorluq sənətinin təbiət-mədəniyyət əksliyinə dayanan paradoksal mahiyyəti, nəzəri-praktiki əsasları, aktyorun yaradıcılıq psixologiyası, ənənə, müasirlik, yeni yaradıcı tendensiyalardan söhbət açıb.
Sözügedən layihənin növbəti paneli isə 4 noyabr 2024-cü il tarixində ənənəvi olaraq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kiçik səhnəsində baş tutmuşdur. “Dramaturgiya: əvvəldə söz var idi” adlı panelin qonağı yazıçı, dramaturq İlqar Fəhmi gənclərlə dramaturgiya sənətinin sirləri, nəzəri-praktiki əsasları, yeni yaradıcı tendensiyalar, postmodernizm-postdramatizm fəlsəfəsi müstəvisində teatr və mətn kimi mövzularda fikir mübadiləsi aparıb.
Gənc istedadlarla sənət nümayəndələri arasında bir körpü rolunu oynayan uğurlu işlərdən biri də “Sənətkarın dostu” layihəsidir. Layihə çərçivəsində növbəti görüş 3 oktyabr 2024-cü il tarixində Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbində Xalq artisti, kamança ifaçısı Şəfiqə Eyvazova, Əməkdar incəsənət xadimi, professor Arif Əsədullayev və kamança ifaçısı Mehri Əsədullayeva ilə baş tutub. Görüşdə kamança aləti və onun ifaçılıq ənənələri, milli musiqi mədəniyyətinin inkişafında kamançanın rolu, insan təbiətinə təsiri və gənclərin musiqi zövqünün formalaşdırılması istiqamətində söhbət aparılıb.
Qeyd edək ki, bu qəbildən olan layihələr mədəniyyətin təşviqi, uşaq və gənclərin yaradıcılığının stimullaşdırılması, görkəmli mədəniyyət xadimləri ilə gənc istedadların zəngin təcrübə mübadiləsinin təşkilinə öz töhvələrini verməkdədir. Belə ki, xüsusən məktəblilər arasında geniş rəğbət qazanmış layihənin daha bir maraqlı görüşü 29 oktyabr 2024-cü il tarixində Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində Xalq artisti, tarzən Elçin Həşimov ilə baş tutub. Görüşdə tar aləti və onun ifaçılıq ənənələri, peşəkar milli musiqi mədəniyyətinin inkişafında tarın rolu, milli musiqi alətimizin dünyada təbliği, pedaqoji fəaliyyət, uşaq və gənclərin bədii zövqünün formalaşdırılması istiqamətində söhbət aparılıb.
Ustad dərsi formatında keçirilmiş görüşdə sənətçi iştirakçıları maraqlandıran sualları cavablandırıb və yeni hazırlanmış musiqi albomunu gənc tar ifaçılarına hədiyyə edib.
Onu da nəzərinizə çatdıraq ki, “Sənətkarın dostu” layihəsinin regionlarımızda da icrasına start verilib. MEMİM-in təşkilatçılığı, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə 11 dekabr 2024-cü il tarixində bu dəfə Ağdaş şəhər Habil Əliyev adına 1 nömrəli Uşaq Musiqi Məktəbində Əməkdar artist, Azərbaycan Milli Konservatoriyasının dosenti, kamança ifaçısı Elnur Əhmədovla görüş keçirilib.
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov və MEMİM-in direktoru vəzifəsini icra edən Vüqar Hümbətov qonaqları salamlayaraq regionlarda bu kimi tədbirlərə böyük ehtiyac olduğunu həmçinin bu görüşün Bakıdan kənarda ilk dəfə baş tutduğunu diqqətə çatdırıblar. Riad Cəbrayılovun moderotorluğu ilə baş tutan tədbirdə Elnur Əhmədov kamança aləti, ifaçılıq ənənələri, alətin tədrisi, təbliği və digər mövzularda çıxış edib.
“Sənətkarın dostu” layihəsinin il ərzində sayca altıncı olan növbəti görüşü Bakı şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə dekabrın 25-i Georgi Şaroyev adına 35 nömrəli onbirillik Musiqi Məktəbində Azərbaycan Respublikasının Xalq artisti, balaban ifaçısı Əlixan Səmədov ilə baş tutub. Tədbirin açılışında MEMİM-in direktor vəzifəsini icra edən Vüqar Hümbətov, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətindən danışıblar.
Əlixan Səmədov 60 illik yubileyi ərəfəsində baş tutmuş görüşdə həyat və yaradıcılığı, balaban ifaçılığı sənəti, pedaqoji fəaliyyət, uşaq və gənclərin nəfəs alətlərinə marağının artırılması və xaricdə yaşayan Azərbaycan mədəniyyət xadimlərinin fəaliyyəti istiqamətində söhbət aparıb. Ustad, balaban haqqında yazdığı kitabından bəhs edərək milli musiqimizin müəllif hüquqlarının qorunması zərurətindən, həmçinin müasir təbliğat və təşviqat vasitələrindən danışıb. Sənətkarın və gənc balaban ustalarının ifasında musiqi əsərləri səslənib.
Azərbaycan xalqı təsviri sənət sahəsində də parlayan istedadlı sənətkarları ilə dünyada tanınır. Onlardan biri Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən olan, Azərbaycan impressionizminin banisi, dünyanın dörd bir yanında sərgiləri keçirilən, fövqəltəbii üslubu ilə qəlbləri fəth edən Səttar Bəhlulzadənin 115 illiyi ölkəmizdə geniş şəkildə qeyd olunur.
Ötən ilin oktyabr ayında MEMİM, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Rəssamlar İttifaqının elan etdiyi, S.Bəhlulzadənin yubileyinə həsr olunmuş “Tablolarda nağıllar” adlı gənc rəssamların yaradıcılıq müsabiqəsinə start verildi. 18-30 yaşarası gənclərin qatıldığı bu müsabiqəyə gənc rəssamlar Azərbaycan xalq nağılları mövzusunda olan işlərini təqdim etmişdilər. Sərgi-müsabiqəyə 13 dekabr 2024-cü il tarixində yekun vurulub. Azərbaycan Rəssamlar İttifaqında keçirilən Sərgi-müsabiqənin mükafatlandırma mərasimində çıxış edən Mədəniyyət nazirinin müşaviri, Əməkdar İncəsənət xadimi Cahangir Səlimxanov, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, MEMİM-in direktoru vəzifəsini icra edən Vüqar Hümbətov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Gülşən Qəribli bütün iştirakçıları təbrik edib, müsabiqənin əhəmiyyətindən bəhs edərək qalibləri mükafatlandırıblar.
MEMİM-in əməkdaşları ölkəmizdə keçirilən bir sıra əhəmiyyətli mədəni-kütləvi tədbirlərin də fəal iştirakçısıdır. Belə ki, Mərkəzin əməkdaşları Bakı Ekspo Mərkəzində keçirilən X Bakı Beynəlxalq Kitab Sərgisi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) tədbirləri, o cümlədən Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə müəllimlərin, həmçinin şagirdlərin qəbul proseslərində də aktiv fəaliyyət göstərmişdir.
Onu da qeyd etmək lazımdır ki, Mədəniyyət Nazirliyi incəsənət sahəsinin elm və təhsil istiqamətləri üzrə yeni islahatlar aparmaqdadır. Mədəni maarifçilik siyasətimizdə daim yenilənmə və inkişaf strategiyasını rəhbər tutaraq, musiqi və incəsənət məktəblərində musiqi ifaçılığı, texnikası, həmçinin yaradıcılıq bacarıqlarının daha geniş və əhatəli şəkildə təşkili üçün tədris proqramlarının yenidən tərtib olunması prosesi həyata keçirilir. MEMİM-in əməkdaşları ilə yanaşı Bakı və regionlar üzrə musiqi və incəsənət məktəblərinin pedaqoji heyətlərindən ibarət ekspertlərin iştirak etdiyi müzakirələr nəticəsində noyabr ayında fortepiano, tar və violin ixtisaslarının tədris proqramları yenilənmişdir.
Mədəni təhsil siyasətinin davamı olaraq MEMİM-in təşkilatçılığı ilə Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi çərçivəsində Şəki şəhərində tar və kamança ixtisasları üzrə ustad dərsləri təşkil edilib. Ötən ilin 9-14 dekabr tarixlərində Şəki şəhəri 4 nömrəli uşaq musiqi məktəbində keçirilən ustad dərsləri tar ixtisası üzrə Əməkdar artist Neymət Mürsəlov, kamança ixtisası üzrə Fariz Hüseynov tərəfindən aparılıb.
Dərslərin keçirilməsində məqsəd təhsilin səviyyəsinin yüksəldilməsi, maarifləndirmə işinin təşkili, musiqi və incəsənət məktəblərində tədris prosesinin ixtisas proqramlarının tələblərinə uyğun olaraq tənzimlənməsi praktiki biliklərin artırılmasıdır.
Ustad dərsləri ilə yanaşı mədəniyyətin təbliği və kütləvi təlim prosesinin icra edilməsi məqsədilə elmi-praktiki seminarların da təşkil edilməsi təqdirəlayiq haldır. 30 oktyabr 2024-cü il tarixində MEMİM-in təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə həmin Mərkəzdə “Musiqinin cəmiyyətdə rolu” mövzusunda elmi-praktiki seminar keçirilib. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Əməkdar incəsənət xadimi Kamilə Dadaşzadə, ADMİU-nun “Musiqi tarixi və nəzəriyyəsi” kafedrasının baş müəllimi Sara Timurova və kafedranın müəllimi Vəfa Abbasova, “Estrada sənəti” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Məryəm Babayeva bir-birindən maraqlı mövzular ətrafında çıxış ediblər.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının moderatoru olduğu seminarda ənənəvi musiqi mədəniyyətinin ekologiyasından, müasir musiqi və cəmiyyətin kəsişmə nöqtələrindən, musiqi və cəmiyyət probleminin sinxronik və diaxronik aspektlərindən, Azərbaycan populyar musiqisinin tədrisi problemlərindən danışan ekspertlər mövzularla bağlı auditoriyanı maraqlandıran sualları da cavablandırıblar.
Keçirilən mədəni tədbir və təlimlər, təhsil islahatları, seminarlarla yanaşı, vətənimizin zəngin tarixi-mədəni irsinin təbliği və mühafizəsi sahəsində aparılan müxtəlif layihələr, bərpa və konservasiya işləri ilə bağlı praktiki biliklərin artırılması, milli kadr potensialının gücləndirilməsi, gənc nəslin maarifləndirilməsinə də geniş diqqət ayrılır. Bu məqsədlə ötən ilin payızında MEMİM “Mədəni irsini qoru” adlı yeni layihəsini təqdim edib. Bu layihə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu, Azərbaycan Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə 2 noyabr 2024-cü il tarixində Qobustan Milli Tarix-Bədii Qoruğuna infotur şəklində təşkil olunub. Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində keçirilən infotur zamanı layihə iştirakçıları üçün həmçinin maarifləndirici seminar da təşkil olunub. İqlim dəyişikliyinin tarixi abidələrə təsiri, çirkləndirici tullantıların ekosistemə mənfi təsirlərinin azaldılması, ekoloji maarifləndirmə kimi mövzular ətrafında çıxış edən Qobustan Milli Tarix-Bədii Qoruğunun əməkdaşları gəncləri maraqlandıran sualları da cavablandırıblar.
Daha sonra qoruğun açıq ərazisinə və muzeyə maraqlı ekskursiya təşkil olunmuş, qoruq əməkdaşları və AMEA-nın Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılov tərəfindən maarifləndirici məlumatlar layihə iştirakçılarının diqqətinə çatdırılmışdır. Layihənin davamı olaraq 21 dekabr 2024-cü il tarixində həmin tərəfdaş qurumların dəstəyi ilə növbəti infotur Böyük (Dördkünc) Mərdəkan qəsri və Kiçik (Dairəvi) Mərdəkan qəsrlərində həyata keçirilib. İnfotur zamanı qonaqlar və media nümayəndələri üçün Böyük və Kiçik Mərdəkan qəsrlərinə, həmçinin ətraf ərazilər olan Tuba Şah məscidi və Şeyx Kazım hamam kompleksinə ekskursiya təşkil olunub. Yerli ekspertlər tərəfindən abidələr haqqında önəmli faktlar gənclərin diqqətinə çatdırılıb, infotur tələbə gənclərin marağına səbəb olub. Ölkənin bir neçə ali və orta ixtisas məktəbi tələbələrinin təmsil olunduğu infoturda gəncləri maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.
Oxucuların diqqətinə çatdıraq ki, haqqında danışılan müxtəlif səpgili layihələr MEMİM-in son 6 aylıq fəaliyyətinin qısa icmalıdır. İnanırıq ki, MEMİM bundan sonra da müasir çağırışların tələblərinə uyğun olaraq maarifləndirici tədbirlər, təhsil üzrə yenilənmiş proqram tərtibatları, təlimlər, ustad dərsləri, elmi seminarlar, həmçinin incəsənətin bütün sahələri üzrə dəyərli işlər ərsəyə gətirərək cəmiyyətimizə əvəzsiz töhvələr verəcəkdir.
Ə.Dostəli
XQ