AZ

Samir Şərifov yeni vəzifədə ilk tapşırığı İCRA ETDİ

Baş nazirin yeni müavini Samir Şərifov təzə vəzifəsində ilk tapşırığı icra edib.

Modern.az-ın məlumatına görə, Samir Şərifov bu gün Azərbaycana işgüzar səfər edən Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni hava limanında qarşılayıb.

Samir Şərifov bir neçə gün öncə - yanvarın 10-da maliyyə naziri vəzifəsindən azad edilərək, Baş nazirin müavini postuna təyin olunub.

Baş nazirin keçmiş müavini Əli Əhmədov Milli Məclisə deputat seçildiyindən Nazirlər Kabinetində vakant vəzifə yaranmışdı. Həmin vakant yer Samir Şərifovun təyinatı ilə doldurulub.

Samir Şərifov Baş nazirin müavini vəzifəsina təyinat alandan sonra verdiyi ilk açıqlamasında “hələ ki müavin olaraq hansı sahəyə rəhbərlik edəcəyimi deyə bilmərəm. O məsələlərə Baş nazir baxacaq, cənab Prezidentlə razılaşdırılacaq. İnşallah, növbəti həftə bəlli olacaq" demişdi.

Beləliklə, Baş nazirin yeni müavininin tədricən hansı sahəyə rəhbərlik edəcəyi məlum olur.

Xatırladaq ki, Samir Şərifov Prezident İlham Əliyevin hakimiyyətə gəlişindən sonra nazir postuna yüksəlmişdi - 2006-cı ildə Azərbaycan Respublikasının maliyyə naziri təyin olunmuşdu. O, 19 il maliyyə naziri vəzifəsində çalışdı.



A.Qorxmaz

Seçilən
2
modern.az

1Mənbələr