AZ

Azərbaycanda liberal iqtisadiyyat: Özəl sektor inkişaf edir, yeni iş yerləri açılır

6.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Bu gün Azərbaycan öz inkişafına görə dünyanın bir çox ölkəsindən fərqlənir. Bir ölkənin inkişaf etməsi onun iqtisadiyyatının inkişafından da asılıdır. Azad sahibkarlıq və liberal iqtisadiyyat isə bu inkişafa təkan verən amillərdəndir.

İqtisadiyyatını gücləndirməyi qarşısına məqsəd qoyan hər bir dövlət sahibkarlığın azad olmasına şərait yaratmalıdır.

Bu istiqamətdə Azərbaycan iqtisadi islahatlar aparıb, tədbirlər görüb. Ölkəmizdə fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyini buna misal göstərmək mümkündür.

Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi (KOBİA) Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə yaradılıb.

Dövlət başçısının 26 iyun 2018-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi adlandırılan Agentlik müvafiq sahədə sahibkarların hüquqlarının müdafiəsi məqsədilə zəruri tədbirlər həyata keçirir.

Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsinə əsasən Hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək, təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər.

Bunlar ölkəmizdə bu sahəyə olan diqqətin bir hissəsidir.

Bəs, azad sahibkarlığın və liberal iqtisadiyyatın inkişafında daha hansı atıla bilər?

Azər Badamov: Son illər Azərbaycanda sahibkarlıq subyektləri üçün yeni imkanlar açılır

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Azərbaycanda özəl sektorun inkişaf etdirilməsi dövlət siyasətinin prioritetidir. Bu baxımdan son illərdə azad sahibkarlığın inkişafı və liberal iqtisadiyyatın formalaşması istiqamətində ölkəmizdə geniş iqtisadi islahatlar həyata keçirilib və davam etdirilməkdədir.

A.Badamovun sözlərinə görə, sahibkarlıq subyektlərin bir pəncərə vasitəsilə qeydiyyata alınması sahibkarlıq fəaliyyətinə başlamaq istəyən hər bir şəxs üçün heç bir mane yaratmadan qapıların açılması deməkdir.

Deputat vurğulayıb ki, sahibkarlıq subyektlərində keçirilən yoxlamaların optimallaşdırılması və yoxlamaların keçirilməsinin tənzimlənməsi sahibkarlıq subyektlərinin fəaliyyətinin şəffaflaşmasına yol açıb:

“Vergi Məcəlləsində edilən mütəmadi dəyişikliklər vergi ödəyəyicilərin fəaliyyətinin sadələşməsinə və tətbiq olunan güzəştlərlə fəaliyyətlərinin stimullaşmasına yol açıb. Bəzi fəaliyyət sahələrinin vergidən azad olunması və digərlərində vergi yükünün azaldılması, həm də vergi mexanizminin təkmilləşdirilməsi sahibkarlıq subyektlərinin fəaliyyətinin şəffalaşmasına təkan verib. Bu gün sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar dövlət büdcəsinə vergisini ödəməklə azad şəkildə öz işini qura bilirlər”.

Son illər investisiyaların və ixracın təşviqi proqramlarının tətbiqinin sahibkarlıq subyektləri üçün yeni imkanlar açdığını deyən deputat söyləyib ki, investisiyanın təşviqi proqramı çərçivəsində fəaliyyət göstərən hər bir sahibkara idxal olunan avadanlıqlar üçün vergi və gömrük rüsumları tətbiq olunmur.

Müsahibimiz onu da nəzərə çatdırıb ki, təşviq proqramları çəriçivəsində investisiya qoyularaq ərsəyə gələn müəssisələrin fəaliyyətinə müəyyən müddətə vergi güzəştləri tətbiq olunur:

“İxracın təşviqi proqramı çərçivəsində ixracı həyata keçirən sahibkarlara ixrac olunan dəyərin müəyyən hissəsi dövlət büdcəsindən geri qaytarılır. Aqrar sahədə güzəştlərin tətbiqinin davam etməsi, subsidiya mexanizminin təkmilləşdirilməsi kənd təsərrüfatı təyinatlı məhsulların istehsalını stimullaşdırıb və ölkədə ərzaq təhlükəsizliyin təmin olunmasına yol açıb.

Beləliklə qısa olaraq deyə bilərik ki, azad sahibkarlığın və liberal iqtisadiyyatın dərinləşməsi istiqamətində atılan addımlar sayəsində ölkədə özəl sektor sürətlə inkişaf edir və dövlət büdcəsinin gəlirlərinin formalaşmasında, yeni iş yerlərinin açılmasında əhəmiyyətli rol oynayır”.

Müşfiq Cəfərov: Görülən işlərlə yanaşı rəqabət mühiti mütləq şəkildə təkmilləşdirilməlidir

Milli Məclisin deputatı Müşfiq Cəfərov da Bakıvaxtı.az-a bildirib ki, Azərbaycanda son illər ən çox diqqət edilən istiqamətlərdən biri də liberal iqtisadiyyatın və azad sahibkarlığın təşviqinin genişləndirilməsidir.

M.Cəfərov azad ticarətin, azad sahibkarlığın və bazar əsaslı iqtisadiyyatların formalaşması istiqamətində son illərdə bir çox işlər görüldüyünü və iqtisadiyyatın şaxələndirilməsi üçün ən əhəmiyyətli istiqamət kimi sahibkarlığın inkişafının ön plana çıxarıldığını nəzərə çatdırıb.

Deputat Azərbaycanda azad sahibkarlığın təşviqi istiqamətində həyata keçirilən önəmli tədbirlərdən birinin də sahibkarlara “investisiya təşviqi sənədi”nin verilməsi olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu sənəd ilə sahibkarlar müəyyən edilən vaxt ərzində bir sıra vergilərdən azad olunur və onların fəaliyyətinin genişlənməsi üçün müxtəlif güzəştlər tətbiq edilir.

Müsahibimizin fikrincə, görülən işlərlə yanaşı rəqabət mühiti mütləq şəkildə təkmilləşdirilməlidir:

“Xüsusilə kiçik və orta sahibkarlığın sıradan çıxmaması üçün kapitala əlçatanlıq artırılmalıdır. Sahibkarlığa başlamaq istəyən şəxslər bəzən kapital cəlb etməkdə problem yaşayırlar. Böyük sahibkarların böyük kapitalı olur, risklər edə, təşəbbüskarlıq irəli sürə bilirlər. Lakin kiçik və orta sahibkarların əksəriyyətinin buna imkanı olmur. Ölkə iqtisadiyyatında özəl şirkətlərin artırılması olduqca zəruridir, dövlət özəlləşdirmə istiqamətlərinə daha açıq olmalıdır”.

Mina Mikayılova

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb

Seçilən
35
42
bakivaxti.az

10Mənbələr