Rusiyalı politoloq Stanislav Tarasov Ermənistan-ABŞ strateji tərəfdaşlıq sənədinə toxunaraq qeyd edib ki, Ermənistan geosiyasi vektorunu özü müəyyən edib.
KONKRET.az xəbər verir ki, Tarasov bunu “REX” agentliyinə verdiyi müsahibədə deyib. Ekspert bildirib ki, sazişdə hansı müddəaların olduğu və hansı sahələrdə əməkdaşlığın səviyyəsi məlum olmasa da, aşağıdakıları müəyyən etmək olar: “Münasibətlər strateji tərəfdaşlıq statusuna yüksəlir ki, bu da tezliklə Ermənistanın, ilk növbədə Cənubi Qafqazın siyasi həyatında mühüm istiqamətləri müəyyən edəcək”. Rusiyalı ekspert iki məqamı qeyd edib. Bunlar, ABŞ-nin Ermənistana heç bir təhlükəsizlik zəmanəti verməməsi və İrəvanın yeni ABŞ administrasiyasının Ağ Evə gəlməsi ərəfəsində sözün əsl mənasında strateji tərəfdaşlıq sənədini imzalamağa getməsidir.
Tarasovun fikrincə, 2018-ci ilin mayında Nikol Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsi Trampın hakimiyyəti dövrünə düşsə və Vaşinqton tərəfindən dəstəklənsə də, imzalanan sənədin perspektivləri sual altındadır. Tarasov onu da xatırladıb ki, Amerikanın özəl kəşfiyyat və analitik şirkəti “Stratfor”un proqnozuna görə, 2025-ci ildə Ermənistan ABŞ-nin dəstəyindən məhrum ola bilər. Buna səbəb Tramp administrasiyasının Azərbaycanla münasibətlərə üstünlük verməsidir: “Güman edilir ki, İrəvan və Bakının sülh sazişinə doğru hərəkəti Ermənistanda konstitusiya dəyişikliklərinə səbəb olacaq”,- deyə politoloq bildirib. Tarasovun sözlərinə görə, Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Ermənistanın baş naziri Ermənistanı Avroatlantik strukturlara inteqrasiya etmək niyyətini gizlətmir: ”Bu proseslər Ermənistanın Rusiyadan ayrılması, KTMT üzvlüyünün dondurulması ilə paralel gedir. Bakıya gəlincə, o, tarazlıq siyasəti yürüdür. Ağ Evə qarşı kəskin hərəkətlərdən yayınır. Rusiya öz növbəsində Ermənistanla münasibətləri yüksək qiymətləndirir və bundan sonra da inkişaf etdirəcək. Eyni zamanda, Kreml nümayəndəsi xüsusi olaraq vurğulayıb ki, ABŞ heç vaxt Cənubi Qafqazda sabitləşdirici rol oynamayıb”,-deyə Tarasov fikirini yekunlaşdırıb.
Vəli Həsənoğlu,
KONKRET.az