AZ

Metrolarda nəyə görə platformaya düşmə halları baş verir? Nəqliyyat eksperti açıqladı

 Bakı metrosu əsasən Sovet dövründə inşa edilmiş tünel və relslər üzərində qurulub. Bu dövrdə layihələndirilən stansiyaların həndəsi ölçüləri və ümumi quruluşu uzunmüddətli sərnişin axınını yüksək səviyyədə təmin etməkdə çətinlik çəkir.

Məsələn, 28 May, İçərişəhər və Sahil kimi stansiyalar sərnişin tutumu baxımından daha müasir olan Koroğlu və Avtovağzal stansiyaları ilə müqayisədə ciddi fərqlər göstərir. Bu, əsasən platformaların genişliyi, vaqon sayının məhdudluğu və ümumi sərnişin axınının idarə edilməsi ilə bağlıdır. Hazırda Bakı metrosunda əsasən 5 vaqonlu qatarlar fəaliyyət göstərir ki, bu da böyük sərnişin sıxlığı olan stansiyalarda əlavə gərginlik yaradır.

Nəqliyyat eksperti Aslan Əsədov bunu News365.az-a deyib. 

Onun sözlərinə görə, bu problemlərin həlli üçün müasir texnologiyaların tətbiqi vacibdir:

"İçərişəhər, Sahil, 28 May, Koroğlu, 20 Yanvar kimi stansiyalarda innovativ həllər həyata keçirilməlidir. Bunlardan biri də platformaların təhlükəsizlik səviyyəsini artıran şüşə ara kəsmələrin quraşdırılmasıdır. Belə sistemlər platformalarda sərnişin axınının təhlükəsizliyini təmin edir. Şüşə ara kəsmələr yalnız qatar stansiyaya çatıb dayandıqda açılır və sərnişinlərin təhlükəsiz şəkildə qatara minməsinə və ya enməsinə şərait yaradır. Lakin bu cür sistemlərin tətbiqi bütün stansiyalarda mümkün deyil, çünki bəzi stansiyaların konstruksiya xüsusiyyətləri buna icazə vermir.

Digər bir həll isə metro tünelindəki hərəkəti tənzimləyən müasir siqnalizasiya sistemlərinin tətbiqidir. Bu sistemlər səsli və işıqlı siqnallarla sərnişinləri istiqamətləndirə və hərəkəti daha təhlükəsiz edə bilər. Hazırda metro maşinistlərinin köməkçiləri bu vəzifəni yerinə yetirsələr də, texnoloji həllər vasitəsilə bu proses daha effektiv şəkildə idarə oluna bilər.

Bakı metrosunda sərnişin axınının yüksək olmasının digər səbəbi isə nəqliyyatın alternativ variantlarının məhdud olmasıdır. İnsanlar taksi və ya digər nəqliyyat vasitələrindən istifadə edərək metrostansiyalara tələsir, vaxt və maliyyə baxımından qənaət etməyə çalışır. Bu isə müəyyən hallarda sərnişinlərin psixoloji gərginliyini artırır. Sıxlıq səbəbilə insanların narahatlığı artır, bəzi hallarda isə xoşagəlməz hadisələr, məsələn, özündən getmə və ya platformaya düşmə halları baş verir.

Sonda qeyd edək ki, Bakı metrosunun mövcud problemlərinin həlli üçün müasir texnologiyaların tətbiqi, təhlükəsizlik tədbirlərinin artırılması və sərnişin axınının daha səmərəli idarə olunması vacibdir. Bu, həm sərnişinlərin rahatlığını təmin edəcək, həm də ümumi nəqliyyat sisteminin keyfiyyətini artıracaq."


News365.az

Seçilən
1
news365.az

1Mənbələr