AZ

Badam südü bazarı: Qlobal tendensiyalar və yerli imkanlar - ARAŞDIRMA

Badam südü: Beynəlxalq təcrübədən Azərbaycana doğru yol

Son illərdə bitki mənşəli süd alternativləri, xüsusilə də badam südü, dünya miqyasında populyarlıq qazanıb. Qlobal tendensiyalar göstərir ki, istehlakçılar sağlamlıq və ekoloji baxımdan daha üstün hesab olunan bu məhsullara üstünlük verirlər. Badam südü həm qida sənayesində, həm də kosmetikadan tutmuş pəhriz məhsullarına qədər geniş istifadə olunur. Dünyada bu sektorun inkişafı qida istehsalında dayanıqlılıq, heyvanların rifahı və laktoza dözümsüzlüyü kimi mühüm mövzularla əlaqələndirilir.

Azərbaycan isə badam südü istehsalı üçün əlverişli potensiala malikdir. Ölkənin iqlim şəraiti yüksək keyfiyyətli badam istehsalı üçün idealdır və yerli badam bağlarının artımı bu sahədə perspektivlər yaradır. Bununla yanaşı, Abşeron yarımadası və Bakıətrafı ərazilər xammal mənbələrinə yaxınlıq və inkişaf etmiş logistika infrastrukturuna görə istehsalat üçün ən münasib bölgələr hesab olunur.

Müasir dünya təcrübəsi göstərir ki, badam südü istehsalı yüksək əlavə dəyər yaradan, həm daxili bazar tələbatını ödəyən, həm də ixrac perspektivləri olan bir sahədir. Azərbaycanın bu sahədə təşəbbüslər göstərməsi, yerli xammaldan istifadə etməklə badam südü istehsalı müəssisəsi qurması ölkənin qeyri-neft sektorunun şaxələndirilməsi üçün strateji əhəmiyyət daşıyır. Bu sahənin inkişafı, həmçinin qlobal bazarda Azərbaycanın yeni bir ixrac məhsulu ilə rəqabətə qoşulmasına şərait yarada bilər.

Badam südünün beynəlxalq təcrübəsindən ilham alaraq Azərbaycanda bu sahənin perspektivlərinə nəzər salaq.

“Report” Azərbaycanda badam südü istehsalının imkanlarını araşdırıb.

Badam südü, badam, su və müxtəlif maddələrin qarışığından hazırlanan, qida dəyəri yüksək olan bitki mənşəli məhsuldur. Vitamin D və E, kalsium və fosforla zəngin olan badam südü əzələ və sümükləri gücləndirir, ürək sağlamlığını dəstəkləyir, qan şəkərini tənzimləyir və çəkinin qorunmasına kömək edir. Bu məhsul qida və içki sənayesində geniş tətbiq tapır və eyni zamanda kosmetika, ətriyyat və pəhriz məhsulları üçün də əhəmiyyətlidir. Qəhvə, şorbalar, çay, salat sousları və bişmiş məhsullarda süd əvəzedicisi kimi geniş istifadə olunur.

Araşdırmalar göstərir ki, badam südü istehsalı Azərbaycanda iqtisadi baxımdan rəqabət üstünlüyünə malik bir sahə ola bilər. Ekspertlərin fikrincə, ölkədə belə bir müəssisənin qurulması həm daxili tələbatı ödəyə bilər, həm də qısa müddətdə mənfəət gətirə bilər. Azərbaycanın iqlim şəraiti, münbit torpaqları və kənd təsərrüfatı ənənələri bu məhsulun istehsalı üçün əlverişli şərait yaradır.

İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə bu sahənin maliyyə və texniki-iqtisadi əsaslandırılması hazırlanıb. Sahibkarlar, badam südü istehsalına dair bütün detallar və xərclər nəzərə alınan bu layihə ilə tanış olaraq investisiya imkanlarını dəyərləndirə bilərlər.

Layihənin texniki-iqtisadi əsaslandırılmasına əsasən, Abşeron yarımadasında yaradılacaq müəssisənin illik istehsal gücü (5-ci ilində) 518 tona çata bilər. Bu badam südü istehsalı müəssisəsi üçün təxminən 1 milyon 555 min manat investisiya tələb olunacaq. Bu fabrikin fəaliyyəti nəticəsində investisiyanın geri ödəmə müddə 1,3 il təşkil edir. Qoyulmuş investisiyanın qaytarılmasının 118,4 %, daxili gəlirliliyin isə 88 % təşkil edəcəyi gözlənilir.

Aparılan araşdırmalar göstərir ki, həm daxili, həm də yaxın ixrac bazarlarında badam südünə olan tələbat artmaqdadır. Qlobal bazar araşdırmaları göstərir ki, süd alternativlərinə olan maraq yaxın illərdə daha da yüksələcək. “Mordor Intelligence” araşdırmalarına görə, qlobal süd alternativləri bazarının 2029-cu ilə qədər 2,89 milyard ABŞ dollarına çatacağı və 2024-2029-cu illərdə illik orta artım tempinin 14,73 % olacağı gözlənilir.

Azərbaycanda badam istehsalı üçün potensial kifayət qədər böyükdür. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə ölkədə badam bağlarının ümumi sahəsi 3,7 min hektar təşkil edib. Bu bağların 48,9 %-i ənənəvi, 46,1 %-i intensiv, 4,9 %-i isə superintensiv bağlardır. Əsas badam istehsal edən bölgələr sırasında Abşeron, Qax, Naxçıvan, Şəki-Zaqatala və digər iqtisadi rayonlar yer alır. 2023-cü ildə ölkədə 4 240 ton badam istehsal olunub ki, bunun 1 890 tonu Şəki-Zaqatala, 1 350 tonu isə Abşeron-Xızı iqtisadi rayonunun payına düşüb.

Badam idxal və ixracına dair statistikalar isə bu sahənin inkişafı üçün əlavə imkanların olduğunu göstərir. 2023-cü ildə Azərbaycana qabıqlı badam idxalı 2022-ci ilə nisbətən 2,3 dəfə azalaraq 6,6 ton, qabığı təmizlənmiş badam idxalı isə 2,1 % azalaraq 710,5 ton təşkil edib. Eyni zamanda, həmin il Azərbaycandan 729 ton qabıqlı və 115,6 ton qabığı təmizlənmiş badam ixrac olunub.

Bütün bu məlumatlar göstərir ki, Azərbaycanın yüksək keyfiyyətli badam istehsalına malik olmasına baxmayaraq, hələ ki badam südü istehsalı üzrə fəaliyyət göstərən bir müəssisə mövcud deyil. Bu sahədə ilk fəaliyyətə başlayan müəssisə, bazarda lider mövqeyinə sahib olmaqla yanaşı, həm daxili tələbatı ödəyə, həm də ixrac bazarlarına yol aça bilər.

Seçilən
12
report.az

1Mənbələr