AZ

Peşə məktəbini bitirənlər daha asan və tez iş tapırlar

“Peşə təhsili akademik təhsilə nisbətən daha qısa və təcrübə yönümlü olduğundan, tələbələr az vaxt və maliyyə sərf edərək peşə sahələrində ixtisaslaşa bilirlər”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu söyləyib.

 

Ekspertin bildirib ki, peşə təhsil ocaqlarına olan marağı daha da artıracaq ixtisaslar əlavə olunub:

 

“Sürətlə inkişaf edən ölkəmizdə peşə təhsili daha çox əhəmiyyət daşıyır. Bu, tələbələrə konkret sahələrdə praktiki bacarıqlar qazandıraraq, onlara iş dünyasında uğur əldə etmək üçün zəruri olan bilikləri verir. Tələbələr məktəbi bitirdikdən sonra onların işə düzəlmə şansları da artır.

 

Peşə təhsili akademik təhsilə nisbətən daha qısa və təcrübə yönümlü olduğundan, tələbələr az vaxt və maliyyə sərf edərək peşə sahələrində ixtisaslaşa bilirlər. Bu, həm də gənclərə daha tez iş tapmaq imkanı verir. Məhz bu səbəbdən yeni peşə təhsili müəssisələri layihələndirilir, tikinti işləri davam etdirilir".

 

Müsahibimiz qeyd edib ki, hazırda peşə təhsili sahəsində yeni platformalar yaradılır. Tələbə qəbulunda say artmaqda davam edir:

 

“2020-ci ildən bəri bu sahədə 60 faizdən çox artım var. 2026-cı ilə qədər peşə təhsilinə qəbul olunan tələbə sayının 28 min nəfərə çatdırılması hədəflənir. Hətta yeni istifadəyə verilən müəssisələrdə yer olmaması səbəbindən iki növbəli təhsilə keçid edilib. Cari il üçün dövlət büdcəsindən peşə təhsilinə 82,2 milyon manat vəsait ayrılıb. 2024–2025-ci tədris ilində 72 peşə təhsil müəssisəsində 136 ixtisas üzrə tələbə qəbulu aparılıb. Peşə təhsili müəssisələrinə 85 faizi dövlət sifarişli, 15 faizi isə ödənişli olmaqla, ümumilikdə 24,8 min nəfər qəbul olunub.

 

Yeri gəlmişkən, yanvarın 14-də Baş nazir Əli Əsədov xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin siyahısında dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb. Siyahıda bir çox peşə məktəblərini, sürücü, aşpaz və rabitəçi kimi ixtisaları görə bilirik. Bu da belə təhsil ocaqlarına olan marağı daha da artıracaq”.

Seçilən
5
azedu.az

1Mənbələr