“Birincisi, sərhədlər yalnız Gürcüstandan İrana qədər olan coğrafi hüdudlarla məhdudlaşmır. Bu sərhədlərin Naxçıvan istiqamətində olan hissəsi də mövcuddur. Bu bölgələrdə də delimitasiya və demarkasiya prosesləri həyata keçirilməlidir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Nadir Şəfiyev deyib.
Siyasi təhlilçi Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyalarının 16 yanvarda keçirilən 11-ci görüşündə əldə olunan razılığın siyasi motivlərini şərh edib.
Xatırladaq ki, delimitasiya üzrə kompleks işləri şimal istiqamətindən – Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin qovuşma nöqtəsindən cənub istiqamətinə – Azərbaycan, Ermənistan və İran sərhədinə qədər aparılması ilə bağlı ötən gün razılıq əldə edilib.
Prosesləri şərh edən analitikin fikrincə, hər iki tərəf müəyyən daxili siyasi auditoriyaya yönəlik bəyanatları kənara qoyaraq, qarşı tərəfin ərazi bütövlüyünü qəbul etdiyini bildirir:
“Doğrudur, bununla yanaşı, hər iki tərəf öz millətindən olan insanların hüquqları və statusu məsələsini müzakirə edir. Lakin əsas məsələ ərazi bütövlüyünün tanınmasıdır. Burada əsas diqqət çəkən məqam odur ki, belə danışıqların davam etdiyi bir vaxtda Ermənistan, ABŞ ilə bir xartiya imzalayıb. Bu xartiyaya əsasən, sərhəd bölgələrində Amerika mütəxəssisləri və sərhədçilərinin yerləşdirilməsi nəzərdə tutulur. Bu məsələ də suallar doğurur, çünki Ermənistan bir tərəfdən nə istədiyini bilir, digər tərəfdən isə bölgəyə əlavə bir oyun gətirir. Bu addımın səbəbi nədir?”
Mütəxəssisin qənaətinə görə, nə Ermənistan, nə də Azərbaycan müharibəyə hazırlaşmır və sülh prosesini davam etdirmək istəyirlər:
“Əksinə, hər iki tərəf sülh prosesində irəliləyiş əldə etmək niyyətindədir. Amerika Birləşmiş Ştatları ilə imzalanan sənəd də bu prosesi ləngitməkdən çox, bəlkə də ona dəstək vermək məqsədi daşıyır. Görünür ki, hər iki ölkənin rəhbərliyi müəyyən çərçivədə siyasi bəyanatlar verərək rəqibini üstələməyə çalışsa da, reallıqda onlar sülhün tərəfdarıdır. Bu sülh yolu mütləq sərhədlərin müəyyənləşdirilməsi və ərazi bütövlüyünün tanınması ilə mümkün ola bilər. Artıq Azərbaycanın qərb sərhədində delimitasiya prosesinə razılıq əldə edilib. Maraqlıdır ki, bu addım ABŞ ilə sənədin imzalanmasından sonra baş verdi”.
“Əgər Amerika Birləşmiş Ştatları bölgədə sülhün pozulmasını istəsəydi, prosesə mane olmaq üçün addımlar atardı. Lakin baş verənlər əksini göstərir, çünki tərəflər arasında razılaşmalar əldə edildi. Azərbaycan onsuz da razı idi, Ermənistan isə müəyyən təzyiqlər nəticəsində prosesə qoşuldu. Düşünürəm ki, ABŞ-nin bu məsələdəki mövqeyi Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasına dəstək göstərməkdən ibarətdir. Belə bir vəziyyətdə tərəflərin sülh prosesində irəliləyiş əldə etməsi mümkündür”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov