AZ

Türk dünyası üçün birgə addımlar vacibdir FOTO

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndicilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Orucun CASCFEN rəhbərliyi ilə görüşündə bu məqamlardan bəhs edilib

“İki sahil” xəbər verir ki,  son illər türk dünyasının inteqrasiyasının daha da dərinləşməsi istiqamətində uğurlu və sevindirici addımlar atılır, düşünülmüş siyasət həyata keçirilir. Heç şübhəsiz dövlət rəhbərlərinin qətiyyətinə əsaslanan bu siyasətinə yerlərdə sadə vətəndaşlara daha geniş çatdırılması üçün ictimaiyyət nümayəndələrinin, o cümlədən qeyri-hökumət təşkilatlarının və bu tipli ayrı-ayrı qurumların da üzərinə mühüm vəzifələr düşür.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində (AQC) Cəmiyyət sədri, Türk Dövlətləri Qiymətləndicilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Orucun “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) rəhbərliyi ilə görüşündə də bu məqamlardan bəhs edilib.

Görüşdə rəhbərlik etdiyi AQC və Türk Dövlətləri Qiymətləndicilər Birlikləri Şurası haqqında ətraflı məlumat verən Vüqar Oruc türk dövlətləri arasında inteqrasiyanın daha da dərinləşməsi üçün iqtisadi sektorda atılmalı addımlar barədə fikirlərini də bölüşüb.

AQC sədri “türk dövlətlərinin rəhbərlərinin, xüsusilə də Azərbaycan və Türkiyə prezidentlərinin qətiyyətli addımları, reallaşdırdıqları siyasət bizi qürurlandırmaqla yanaşı, gələcək addımlarımız üçün bir çağırış xarakteri daşıyır” deyib.

Öz növbəsində CASCFEN sədri, Əməkdar jurnalist Nadir İsmayılov rəhbərlik etdiyi təşkilat barədə məlumat verərək, hədəflərinin türk dünyasının QHT sektoru arasında əməkdaşlığın daha da dərinləşməsi olduğunu bildirib. O, AQC və Türk Dövlətləri Qiymətləndicilər Birlikləri Şurası ilə də bu kontekstdə əməkdaşlığın arzuolunan və vacib olduğunu deyib.

CASCFEN-in sədr müavini Fikrət Əliyev isə ilkin tanışlıq xarakteri daşıyan görüşün gələcək əməkdaşlıq üçün təkan ola biləcəyini söyləyib. F.Əliyev CASCFEN-lə AQC və Türk Dövlətləri Qiymətləndicilər Birlikləri Şurası arasında əməkdaşlıq əlaqələrinin qurulması, həmçinin gələcəkdə əməkdaşlıq protokolunun imzalanması təklifini səsləndirib. Qeyd edilib ki, belə bir əməkdaşlıq tərəflərin istər Azərbaycan, istərsə də türk dünyası kontekstində birgə fəaliyyətinin bir yol xəritəsi ola bilər.

Təklifi müsbət dəyərləndirən V.Oruc prosesin müsbət tamamlanması üçün müzakirələrin davam etməsinin vacib olduğunu deyib.

Sonda xatirə şəkli çəkdirilib.

Seçilən
4
ikisahil.az

1Mənbələr