AZ

ÜST 2025-ci ildə təcili tibbi yardım fəaliyyətinə 1,5 milyard dollar ayırmağa çağırıb

Bakı, 17 yanvar, AZƏRTAC

Münaqişələr, iqlim dəyişikliyi, epidemiyalar və əhalinin yerdəyişməsi misli görünməmiş qlobal sağlamlıq böhranına səbəb olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında deyilir.

ÜST liderləri 2025-ci ildə 305 milyon insanın təcili yardıma ehtiyacı olacağını vurğulayır və beynəlxalq ictimaiyyəti dünyada humanitar tibbi əməliyyatlara dəstək üçün 1,5 milyard dollar ayırmağa çağırır.

Cümə axşamı ÜST-nin Baş direktoru Tedros Adhanom Gebreyesus tərəfindən edilən çağırış kritik sağlamlıq prioritetlərini qeyd edir. Təşkilatın rəhbəri qeyd edib ki, bütün dünyada səhiyyə sistemləri öz imkanları həddində, o cümlədən böhran və fövqəladə hallar zamanı işləyir.

Baş direktor əlavə edib: “Münaqişələr, xəstəliklərin yayılması, iqlim fəlakətləri və sağlamlıqla bağlı digər fövqəladə hallar artıq təcrid olunmuş və ya təsadüfi deyil, onlar labüddür, üst-üstə düşür və güclənir. Vəba epidemiyalarına nəzarət etməkdən tutmuş münaqişə zonalarında psixi sağlamlıq dəstəyinə qədər fəaliyyətlərdə ÜST-nin işi birbaşa tibbi yardımdan kənara çıxır. Biz icmalara özlərini müdafiə etmək, ədaləti prioritetləşdirmək və hazırlıq prosesini təşkil etmək səlahiyyəti veririk”.

Məlumatda qeyd olunur ki, ÜST bütün dünyada, o cümlədən Konqo Demokratik Respublikası, işğal olunmuş Fələstin əraziləri və Sudan kimi münaqişə zonalarında təcili tibbi yardım göstərir. ÜST-nin fövqəladə hallara reaksiyasına, həmçinin tibbi ləvazimatların çatdırılması, qida çatışmazlığının müalicəsi, ana və uşaq sağlamlığının dəstəklənməsi, peyvənd kampaniyalarının aparılması və icmalara psixi sağlamlıq dəstəyinin göstərilməsi daxildir.

Donorların və tərəfdaşların dəstəyi ilə ÜST fövqəladə hallarda özünəməxsus rolunu yerinə yetirməyə çalışır.

ÜST-nin çağırışı təkcə maliyyələşdirmə ilə bağlı deyil, bu, həm də fəaliyyətə çağırışdır. Qlobal sağlamlıq ehtiyacları ilə mövcud resurslar arasında uçurum genişlənməkdə davam edir. ÜST beynəlxalq ictimaiyyəti lazımi resursları ayırmağa və qlobal sağlamlığı dəstəkləmək üçün qətiyyətli addımlar atmağa çağırır.

Seçilən
1
1
azertag.az

2Mənbələr