Qəzza zolağında atəşkəsin elan olunması dünya ictimaiyyətinin diqqətini məhz bu istiqamətdə yönəlməsinə gətirib çıxardı.
Ötən gün ABŞ dövlət katibi Antoni Blinkenin də açıqlamasında bildirdiyi kimi, atəşkəsin əldə edilməsində başlıca əmək məhz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bölgədəki nüfuzu və əməyinin olması danılmazdır.
Avtosfer.az xəbər verir ki, HƏMAS təşkilatının masaya yenidən dəvət edilməsi üçün Türkiyə dövlət başçısı Rəcəb Tayyip Ərdoğanın məsələ ilə bağlı narahatlığını dilə gətirməsi regiondakı təhlükəsizliyin əsas təminat carçısı oldu.
Cəmiyyəti maraqlandıran əsas məsələlər isə Fələstinin aqibəti ilə bağlı mövzulardır. İsrail və Fələstin arasında sazişin imzalanması Fələstinin müstəqilliyi beynəlxalq əlaqələrə necə təsir edəcək? Dünya ölkələri Fələstinlə əməkdaşlığa hazırdırmı?
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, Fələstin dövlətinin qurulması məsələsi hələ də uzun bir proses tələb edir:
"Çünki İsrail və onun havadarları heç vaxt müstəqil Fələstin dövlətinin qurulmasını tam qəbul etmək istəmirlər. Sözdə bunu dəstəklədiklərini bəyan etsələr də münaqişənin həllinin Fələstin dövlətinin qurulmasından keçdiyini söyləsələr də əməldə bunun tam əksini müşahidə edirik. Qərbin dəstəyi ilə İsrail Fələstinin Milli Azadlıq Hərəkatına qarşı müxtəlif əməliyyatlar həyata keçirir. Netanyahu hökuməti radikal sağ qüvvələrin təsiri altındadır və bu partiyalar hökuməti tərk etmək təhdidləri ilə çıxış edir. Artıq Netanyahunun koalisiya hökuməti də dağılmaq təhlükəsi ilə üz-üzədir. Bundan əlavə, hakim partiyanın daxilində də müqavilənin imzalanmasına ciddi etirazlar mövcuddur. Bu, müstəqil Fələstin dövlətinin qurulmasına qarşı ciddi maneələrin olduğunu göstərir".
Politoloq əlavə edib ki, Azərbaycan tərəfi, xüsusən də prezident səviyyəsində, Fələstin məsələsində mövqeyini bəyan edib:
"Biz Azərbaycan olaraq müstəqil və suveren Fələstin dövlətinin qurulmasını dəstəkləyirik. Ancaq təəssüf ki, ABŞ-nin keçmiş prezidenti Donald Trampın dövründə də müstəqil Fələstin dövlətinin qurulmasına dair irəliləyişlər qeydə alınmadır. Əksinə, İordan çayının Şərq sahilinin İsrailə ilhaq edilməsinin ABŞ tərəfindən tanınması ehtimalı mövcud idi. Trampın birinci prezidentlik dövründə Qüds İsrailin paytaxtı kimi tanındı. Bu isə beynəlxalq hüququn kobud şəkildə pozulması idi. Çünki Qüds BMT-nin qərarlarına əsasən mübahisəli ərazidir. Buna baxmayaraq, ABŞ həmin dövrdə bu addımı atdı.
Bütün bunlar onu göstərir ki, İsrailin əsas məqsədi BMT tərəfindən Fələstin dövləti üçün ayrılmış əraziləri tamamilə zəbt etməkdir".
Eltac Zülfüqaroğlu