1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bakıda təbii doğuşla altı kiloqram çəkidə körpə doğulub. Çəkisi normadan çox olan körpənin təbii doğuşla dünyaya gəlməsi niyə qeysəriyyə əməliyyatının seçilməməsi ilə bağlı suallar yaradıb.
Mövzu ilə bağlı Oxu.Az-a danışan mama-genekoloq Türkan Əhmədova deyib ki, qeysəriyyə əməliyyatı Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş protokollar əsasında həyata keçirilir:
"Qeysəriyyə əməliyyatı üçün mütləq, nisbi və əks-göstərişlər Səhiyyə Nazirliyinin protokollarında qeyd olunub. Mütləq göstərişlərə anada yanaşı xəstəliklərin olması, ağır ürək, böyrək problemləri, ağır miopiya və s. daxildir. Eyni zamanda, ananın çanağında problem olarsa və bununla yanaşı, uşağın da çəkisi artıq olarsa (dörd kq və artıq), həmçinin doğuş zamanı anada sancı zəifliyi olduğu və uşaq boynu doğuşa hazır olmadığı hallar da qeysəriyyə əməliyyatı üçün mütləq göstəriş hesab oluna bilər. Digər hallar isə nisbi göstəriş hesab olunur. Bu, doğuşdan öncə qiymətləndirilir".
"Çəkisi çox olan körpə təbii doğuşla dünyaya gələ bilməz, belə bir şey yoxdur. Ağırçəkili körpələrin tam travmasız, normal doğulması möcüzədir. Həyatda istisnalar hər zaman var", - deyə həkim qeyd edib.
Türkan Əhmədova bildirib ki, qeysəriyyə əməliyyatı üçün mütləq göstəriş olduğu halda anaya seçim haqqı verilmir:
"Nisbi göstərişlər olduğu zaman isə ana təbii doğuş üçün təkid edə bilər. Bu zaman həkim riskləri anaya izah edir. Bundan sonra ana təbii doğuşa üstünlük verərsə, ərizə yazaraq bununla seçimini bildirə bilər. Bu halda həkimin söz haqqı olmur və təbii doğuş həyata keçirilir. Yarana biləcək problemlərlə bağlı məsuliyyəti isə valideyn özü daşıyır".
Mama-ginekoloq deyib ki, analarda çanaq darlığının dərəcəsinə görə də qeysəriyyə əməliyyatı üçün göstəriş hesab oluna bilir:
"1 və 2-ci dərəcəli çanaq darlığında təbii doğuş mümkündür. Bu zaman dölün vəziyyəti qiymətləndirilir. Uşağın çəkisi 3 kq, 3 kq 200 qramı keçməsə, ananın doğuş sancısı qüvvətli olsa və s., təbii doğuş mümkündür. Bu hallarda anaya öncədən karbohidratla çox qidalanmamağı tövsiyə edilir ki, uşaq çox kökəlməsin. Lakin 3-4-cü dərəcəli çanaq darlığında uşağın çəkisi çox az olsa belə, qeysəriyyə əməliyyatı ilə doğulur".
Həkim qeyd edib ki, bəzən dölün başı çanağın içində olur və bu halda doğum başlayırsa, həkimin seçimi qalmır:
"Bu zaman uşaq doğum anında ölsə belə, həkimin təbii doğuşla uşağın doğulmasını həyata keçirməkdən başqa şansı qalmır. Çünki uşaq doğum kanallarından artıq keçib və başqa yol yoxdur".
Qeyd edək ki, Bakıda altı kiloqram çəkili uşağın dünyaya gəldiyi Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsinin mama-ginekoloqu Solmaz Mehdiyeva deyib ki, anaya təkidlə qeysəriyyə əməliyyatı məsləhət görülsə də, o bundan imtina edib.
Aləmdə Nəsib