Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası şimalda Ermənistan-Gürcüstan-Azərbaycan arasındakı yeganə keçid məntəqəsindən - Babakar yüksəkliyindən başlayacaq və sonra artıq təsvir olunduğu kimi, şimaldan cənuba bütün Ermənistan-Azərbaycan sərhədi boyunca davam edəcək.
“Cebheinfo.az”-ın məlumatına görə, politoloq Samvel Meliksetyan Ermənistan mediasına açıqlamasında belə deyib.
“Bu, o deməkdir ki, onlar Tavuşdan başlayıb Araz çayına çatana qədər cənuba doğru hərəkət edəcəklər. Yəni bu, birinci mərhələdə Tavuşdur və çox illər davam edəcək uzun prosesdir. Ona görə də Azərbaycanın 2021-2022-ci illərdə Basarkeçərdə, İstisuda və digər hissələrdə “işğal etdiyi” ərazilər gələcəyə qalır”,-deyə Meliksetyan bildirib.
Söhbət Ermənistanın Buğdadağ yüksəkliyinə, Bala Göyçə gölünə və Laçın rayonu ilə həmsərhəd olan İstisuya olan iddiasından gedir.
Erməni politoloq hesab edir ki, Azərbaycan bu məsələlərlə bağlı gələcək müzakirələrdə Ermənistana təzyiq göstərmək üçün əlavə vaxt qazanır.
Qeyd edək ki, yanvarın 16-da Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri Şahin Mustafayevlə Mher Qriqoryanın rəhbərlik etdiyi sərhədin delimitasiyasına dair komissiyalarının 11-ci birgə iclasında razılaşma əldə olunub.
Tərəflər sərhədin şimalda Azərbaycan-Ermənistan-Gürcüstan sərhədinin qovşağından cənubda İran sərhədinə qədər delimitasiya və demarkasiyanın aparılmasına dair razılığa gəliblər.
Politoloq hesab edir ki, əgər sərhədlərin müəyyənləşməsi Babakar yüksəkliyindən başlayarsa, burada Gürcüstan tərəfi də iştirak etməlidir. Meliksetyan bildirib ki, bu, Ermənistan-Gürcüstan sərhədinin gələcək delimitasiyası üçün yaxşı xəbərdir. Çünki prosesi eyni istiqamətdə, yəni cənubda Azərbaycanla, qərbdə Gürcüstanla davam etdirmək mümkündür.
Onun sözlərinə görə, Tavuş ərazisində demarkasiya illərlə çəkə bilər. Burada xüsusilə infrastruktur baxımından çoxlu problemlər var və ərazi dəyişikliyi məsələləri də ortaya çıxacaq.
“Əgər onlar Kirantsda (Günən) baş verən məntiqlə davam etsələr, bu, o deməkdir ki, bu kəndlər itkilərlə üzləşəcək... Güman edirəm ki, Azərbaycanın Tavuşu seçməsi ilə bu yanaşma dəyişəcək və bu problemləri həll etmək üçün imkan yaranacaq. Yəni harada erməni kəndlərinin nəqliyyat, rabitə və digər problemləri, torpaqları varsa, o ərazilər erməni kəndlərinə, harada azərbaycanlı kəndləri varsa, Azərbaycan kəndlərinə qalmalıdır”,-deyə Meliksetyan əlavə edib.