AZ

SN-də Macarıstanın səfiri ilə görüş keçirilib

Azərbaycan Səhiyyə Nazirliyində Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma ilə görüş keçirilib.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində məhsuldar əməkdaşlıq əlaqələrinin mövcudluğunu qeyd edib. Nazirin sözlərinə görə, Azərbaycan və Macarıstan arasında səhiyyə sahəsində əməkdaşlıq beynəlxalq təşkilatlar, ilk növbədə Ümumdünya Səhiyyə Təşkilatı və Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilir: “Təhsil sahəsində də ikitərəfli əlaqələr dinamik inkişaf edir. Eyni zamanda, Azərbaycan Tibb Universitetinin Macarıstanın “Semmelweis” və “Pecs” universitetləri arasında fəal əməkdaşlıq mövcuddur”.
Əczaçılıq sənayesinin dövrümüzün ən mühüm istiqamətləsindən biri olduğunu vurğulayan Teymur Musayev bu sahədə də əlaqələrimizin dinamik inkişaf etdiyini diqqətə çatdırıb: “Tarixən Macarıstan əczaçılıq məhsulları keyfiyyətinə görə seçilib. Eyni zamanda, Azərbaycanda səhiyyə müəssisələrinin bir qismi Macarıstan istehsalı olan tibbi cihazlarla da təchiz olunub”.
Çıxışının sonunda Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Macarıstan səfiri ilk öncə Bakı-Qroznı reysini həyata keçirən təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.
Dövlətlərarası əlaqələrin bütün sahələrdə, həmçinin səhiyyədə də yüksək səviyyədə olduğunu vurğulayan Tamaş Yojef Torma 2020-ci ildə Azərbaycan Səhiyyə Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumun imzalandığını qeyd edib. Son illər ölkələrimiz arasında əczaçılıq sənayesində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayan səfir tibb təhsili sahəsində də qarşılıqlı fəaliyyət üçün yeni imkanların yaradılmasını bildirib: “Gələcəkdə Macarıstanda tibb təhsili alan azərbaycanlı tələbələrin sayının artması üçün real imkanlar var”.
Görüş zamanı səhiyyə və tibb elmi sahəsində Azərbaycan-Macarıstan əməkdaşlığının mövcud vəziyyəti və potensial inkişaf imkanları, həmçinin dərman və digər əczaçılıq məhsulları sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub

Seçilən
0
2
bakivaxti.az

4Mənbələr