AZ

Sosial Reabilitasiya Müəssisəsində 70-dən çox vətəndaşa xidmət göstərilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində 70-dən çox sakin yerləşdirilib.

"Report" xəbər verir ki, bu barədə məlumat sözügedən müəssisəyə təşkil olunan mediatur zamanı açıqlanıb.

Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov jurnalistlərə açıqlamasında müəssisəyə yerləşdirilən şəxslər üçün zəruri sosial reabilitasiya işlərinin aparıldığını vurğulayıb:

“Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların, müəyyən yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslərin, görmə qabiliyyəti məhdud şəxslərin və başqalarının sosial reabilitasiyası işləri aparılır".

Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin direktoru Rza Əhmədov vətəndaşların müəssisəyə müraciət prosesi haqqında məlumat verib:

"Vətəndaşlar özləri, yaxud sosial şəbəkə və müvafiq icra hakimiyyəti orqanı vasitəsilə də müraciət edə bilərlər. İlk olaraq, onlar tibbi müayinədən keçirilir və psixoloji durumları yoxlanılır. İçki asılılığı və başqa zərərli vərdişləri olan şəxsləri müəssisəyə qəbul etmirik. Onları müvafiq qurumlara yönləndiririk.

Müəssisəyə qəbul olunanlar burada sosial-məişət, sosial-hüquqi xidmətlərlə yanaşı, günlük qida normaları əsasında yemək, qəlyanaltı, yaşayış yeri və geyimlə təmin edilirlər. Müəssisədə görmə məhdudiyyətli şəxslər üçün təlim otaqları mövcuddur”.

R.Əhmədov bildirib ki, müəssisəyə qəbul şəxsin özünün və ya onun qanuni nümayəndəsinin müraciəti, həmçinin daxili işlər, yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin göndərişləri əsasında Agentliyin yerli qurumları, yaxud DOST mərkəzləri vasitəsilə həyata keçirilir.

Müəssisənin görmə məhdudiyyətli sakini Aqşin Ağalıoğlu orada yaradılan şəraitdən razılıq edib:

"Beş aya yaxındır, buradayam. Müəssisədə bizə hər cür şərait yaradılıb. Uşaqlıqdan musiqiyə həvəsim olsa da, bu sahə ilə məşğul olmamışdım. İndi burada boş vaxtlarımı piano ifa etməyə həsr edirəm”.

Qeyd edilib ki, müəssisədə ötən il ümumilikdə 215 nəfərə xidmət göstərilib.

Seçilən
5
report.az

1Mənbələr