Bakı, 17 yanvar, AZƏRTAC
Niderlandda ali təhsil müəssisələri, akademik xəstəxanalar və tədqiqat institutlarının birgə kompüter şəbəkəsi olan SURF platforması cümə günü, yanvarın 17-də səhər yenidən böyük DDoS hücumuna məruz qalıb. Bu kiberhücum qurumlarda internetlə bağlı problemlərə səbəb olub.
AZƏRTAC “NU.nl” onlayn qəzetinə istinadla xəbər verir ki, SURF platformasına hücum səhər saat 8:20 radələrində başlayıb və eyni vaxtda bir neçə yerdə baş verib. DDoS hücumu böyük miqdarda məlumatın qəsdən şəbəkəni həddindən artıq yükləmək üçün göndərilməsidir. Bu, gecikmələrə və ya şəbəkə xətalarına səbəb olur.
SURF şəbəkəsi son günlər bir neçə DDoS hücumuna məruz qalıb. Təşkilat cümə axşamı bildirib ki, təfərrüatları açıqlanmayan gələcək hücumların qarşısını almaq üçün bir neçə tədbir görülüb. SURF hələ ki, hücum edənlər, onların motivləri və hücumun miqyası barədə heç bir məlumat yaymayıb.
Həftə sonu hakerlər Eyndhoven Texnologiya Universitetinin şəbəkələrinə daxil olub və dərslər ləğv edilib.